"Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən Trend-ə bildirilib ki, "Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.
Təhsil Nazirliyi bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olandan sonra "Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə nazirlik tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.
SOCAR-ın kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov isə "facebook" səhifəsində yazıb ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.
X.Məmmədov qeyd edib ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedaqoji heyət də fəaliyyətini davam etdirəcək.
Bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da təsdiqləyib (APA). O, bildirib ki, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tam idarəçiliyinə verilib.
Rektor bildirib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq: "Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”.
E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək.
BANM rektoru onu da qeyd edib ki, sabah Qafqaz Universitetinin rektoru Əhməd Saniç vəzifəsindən azad olunacaq.