"Baku Steel Company” zavodunda bu gün baş verən partlayışın səbəblərinin öyrənilməsi üçün komissiya yaradılıb. Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirib.
Onun sözlərinə görə, komissiya DƏMX-nin sədrliyi ilə müəssisənin özünün işçilərinin, həmkarlar təşkilatının birgə iştirakı ilə yaradılıb.
M.Məhərov qeyd edib ki, komissiyanın sabahdan işə başlayacağı gözlənilir: "Biz qəzanın hansı səbəbdən baş verməsi barədə hələlik məlumat verə bilmərik. Bunun üçün araşdırma aparılacaq. İstehsalatda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyət hec vaxt qənaətcil olmayıb və olmayacaq da. Bu, bütün dünyada belədir”.
"Baku Steel Company” zavodunda 3 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı cinayət işi də başlanıb. Hadisə ilə bağlı Nərimanov rayon Pokurorluğunda Cinayət Məcəlləsini 162.1-ci (Əmək mühafizəsi qaydalarını pozma- texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa) maddəsilə cinayət işi başlanıb.
Xatırladaq ki, dünən "Baku Steel Company” zavodunda baş vermiş partlayış nəticəsində 3 nəfər xəsarət alıb və yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1982-ci il təvəllüdlü Natiq Salmanovun səhhəti ağır olduğundan dərhal əməliyyat olunub və hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.