Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində şəkərli diabet xəstəsi olan Tərlan Əliyevanın sağ ayağının səhvən kəsilməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Eyni zamanda məsələ hüquq-mühafizə orqanları tərəfindən də araşdırılır: "Həm Səhiyyə Nazirliyinin tibbi ekspertizasının, həm də hüquq-mühafizə orqanının araşdırmasının nəticələri toplandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək”.
Həkim özü də xəstənin sol ayağı əvəzinə səhvən sağ ayağını kəsdiyini etiraf edib. Əməliyyatı həyata keçirən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov APA-ya açıqlamasında deyib ki, xəstənin hər iki ayağı 4-cü dərəcəli ateroskleroz fonda xroniki işemiyadır, 87 yaşlı qadının heç bir ayağına qan gəlmir, qanqrena var: "Sol ayaqda proses daha çox, sağ ayaqda isə azdır. İki ayaqdan biri - sol ayağı daha tez kəsilməli idi. Xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat olunub. Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib. Onsuz da xəstənin sol ayağı da kəsilməlidir. Xəstənin övladlarını da başa salmışam ki, onun ayaqları yox kimi bir şeydir. Hara getsələr də, o xəstəni qəbul etməyiblər. Lakin bizdə əməliyyat olunmasına razılıq verdik. Yekunda belə oldu. Daha çox proses olan sol ayaq əvəzinə sağ ayaq kəsilib. Lakin onun ayaqlarının hər ikisində proses var və ayaqlarının hər ikisi kəsilməlidir”.