Respublikada taun xəstəliyinin 3 təhlükəli ocağı qeydə alınıb. Bunlardan birincisi Zaqafqaziya düzənlik-dağətəyi ərazisi, ikincisi Zaqafqaziyada yüksək dağlıq ərazi, üçüncüsü isə Arazyanı ocaqdır. Trend-in məlumatına görə, bunu Respublika Taun Əleyhinə Stansiyanın laboratoriya müdiri Musa Cahanov bu gün keçirilən mətbuat konfransında deyib.
Xüsusi təhlükəli infeksiyaların sırasında birinci yerdə taunun dayandığını deyən M.Cahanov deyib ki, vaxtilə bu ocaqlarda gəmiricilər arasında epidemioloji hallar aşkar edilib.
Laboratoriya müdiri qeyd edib ki, Zaqafqaziya düzənlik-dağətəyi ocağında yaz və payız aylarında epidemioloji müayinələr aparılır: "Bu ilin aprel ayında Zaqafqaziya düzənlik-dağətəyi ocağının Abşeron yarımadasında epidemioloji müayinələr aparılıb. 80 gəmirici və 500-dən artıq birələr laborator müayinədən keçirilib. Müayinələr nəticəsində taun kökləri aşkar edilməyib".