Tovuz rayonunun Cəlilli kənd tam orta məktəbində şagirdlərin saçını kəsən məktəb direktorunun müavini Zeynəb Həsənova vəzifəsindən azad edilib.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Tovuz Rayon Təhsil Şöbəsi Z.Həsənova tərəfindən V sinifdə oxuyan bir neçə şagirdin saçının kəsilməsi faktı araşdırılıb. Araşdırmalar nəticəsində məlum olub ki, şagirdlərə saç düzümlərini qaydaya salmaları ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna əməl etməyiblər. Z.Həsənova bununla əlaqədar şagird və valideynlərlə bir daha söhbət etmək əvəzinə, etikadan kənar hərəkətə yol verərək uşaqların saçlarını kəsib.