Ötən gün günorta saatlarında Qobuda baş verən və binaların silkələnməsinə səbəb olan titrəmə vulkanların oyanmasına təsir göstərməyib və göstərəcəyi də gözlənilmir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, həmin titrəmənin nə vulkan, nə də zəlzələ ilə heç bir əlaqəsi olmayıb: "Haradasa partlayış olubsa, o demək deyil ki, bu vulkandır, ya da zəlzələdir”.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə Trend-ə bildirib ki, aparılan analizlər həmin titrəmənin zəlzələ ilə heç bir əlaqəsinin olmadığını təsdiqləyib: "Həmin vaxt Qobuda müəyyən dalğalar qeydə alınıb. Amma bu, zəlzələ olmayıb. Biz analiz etdik və gördük ki, burada zəlzələ əlaməti yoxdur. Bunun nə olması ilə yəqin ki, aidiyyəti qurumlar maraqlanar”.