Ötən il Azərbaycanda zorakılığa məruz qalan 6 nəfərə uzun müddətli mühafizə orderləri verilib. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, məişət zorakılığı ilə əlaqədar uzun müddətli mühafizə orderlərinin verilməsi məsələsinə hər il baxılır. Adətən, hər il mühafizə orderlərinin verilməsi ilə bağlı 3, ya 4 fakt qeydə alınırdı.
E.Səfərov deyib ki, əvvəlki illərdən fərqli olaraq, 2015-ci ildə uzun müddətli mühafizə orderləri verilən şəxslərin sayı artıb.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Trend-ə bildirib ki, qısa müddətli mühafizə orderləri (30 günədək) rayon icra hakimiyyətləri, uzun müddətli mühafizə orderləri (30 gündən - 180 günədək) isə məhkəmələr tərəfindən zorakılığa məruz qalan şəxslərə verilir.