Azərbaycanda əcnəbilərlə ailə quranların sayı yenidən artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, adətən, hər il əcnəbilərlə nikaha daxil olanların sayı 2600-2700 arasında dəyişir. Yalnız 2014-cü ildə bu statistikanın azalması qeydə alınsa da, 2015-ci ildə əcnəbilərlə ailə quranların sayı yenidən artıb. Belə ki, 2012-ci ildə Azərbaycanda 2688, 2013-cü ildə 2780, 2014-cü ildə 1816, 2015-ci ildə isə 2680 nəfər əcnəbi ilə nikaha daxil olub.
E.Səfərov qeyd edib ki, Azərbaycan vətəndaşları daha çox qonşu ölkələrin - Rusiya, Türkiyə, Gürcüstan vətəndaşları ilə ailə qururlar.
Türk Dünyası Sosioloqlar Birliyinin vitse-prezidenti, Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı Trend-ə bildirib ki, ölkələrarası gediş-gəlişlərin artdığı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və qloballaşmanın vüsət aldığı müasir dövrdə qarışıq nikahların bütün dünyada artması müşahidə olunur.