Bu gün Baş nazirin müavini Əli Əhmədov paytaxtda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl Bazar" və "Grandmart" marketinə baxış keçirib, satılan məhsulların qiymətləri ilə maraqlanıb.
Trend-in məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, hər üç satış mərkəzində məhsulların çeşidləri demək olar ki, eynidir, keyfiyyətlərində elə bir fərq yoxdur, lakin qiymətlərdə fərqlər ciddidir: "Hesab edirəm ki, bundan müvafiq nəticələr çıxarılmalıdır. Əlbəttə, qiymətlərin fərqli olması qeyri-adi hal deyil. Amma bir şərtlə ki, qiymətlərdəki fərqlər həddindən artıq böyük olmasın. Burada qeyri-adilik ondan ibarətdir ki, qiymətlərdəki fərqlər çoxdur. Gördüyünüz kimi, yarmarkalarda alıcıların sayı çox idi. İnsanlar oradan mallar alırlar. Ənənəvi bazarda isə satıcılar çox, amma alıcılar azdır. Əlbəttə, bizim məqsədimiz ondan ibarətdir ki, qiymətlərdəki fərq az olsun".