Suraxanı rayonu ərazisində aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 160 saylı sərnişin avtobusunun "VAZ 2109” markalı avtomobil və daha bir neçə maşınla toqquşması nəticəsində avtobus aşıb.
İlkin məlumata görə, qəzaya "Prado” markalı avtomobilin yoldan çıxaraq qarşı yola keçməsi səbəb olub. Qəzada "Toyota Prado”, "Chevrolet”, "Daevoo” markalı avtomobillər, 160 nömrəli sərnişin avtobusu və daha bir neçə mikroavtobus toqquşub.
3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumatına görə, xəstəxanaya yerləşdirilmiş 21 nəfər arasında ağır kəllə-beyin travması alan olmayıb. 3 nəfərə gips qoyulub, bir nəfərin çıxığı olub, onlara tibbi yardım göstərilib.
Xəsarət alanların hamısına əsasən qabırğa sınığı və yumşaq toxumaların əzilməsi və sınması diaqnozu qoyulub.
15 nəfər ilkin tibbi yardımdan sonra zədələri yüngül olduğu üçün evə buraxılıb. Daha 2 nəfərin sabah xəstəxanadan buraxılması gözlənilir.
Xəstəxanadan onu da qeyd ediblər ki, xəsarət alanlara psixoloji yardım göstərilib və hazırda davam edir.