Cavanşir Əliyev: “Coğrafiya və kimya fənni ilə yanaşı, riyaziyyat fənni üzrə də abituriyentlərin göstəriciləri olduqca aşağıdır”
İmtahanlarda ən yüksək və ən aşağı nəticə göstərilən fənlərin adı açıqlanıb. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə mediaya açıqlamasında bildirib ki, imtahanlarda ən aşağı nəticələr coğrafiya və kimya fənləri üzrə müşahidə olunur:
“Nəticələr göstərir ki, coğrafiya üzrə II qrupda orta göstərici 28,68 faiz, III qrupda isə təxminən 15,5 faizdir ki, bu da çox aşağı səviyyədir. Ciddi narahatlıq doğuran sahələrdən biri də kimyadır. Abituriyentlərin daha çox seçdiyi I qrupda bu fənnə aid bir çox ixtisas var. I qrupda orta göstərici 24.18 faiz, IV qrupda isə 49.17 faizdir, yəni qruplar arasında təxminən 25 faiz fərq mövcuddur. Mövcud nəticələr hələ qənaətbəxş deyil və təkmilləşdirilməyə ehtiyac var".
Maraqlıdır, kimya və coğrafiya fənləri üzrə nəticələr niyə zəif olub?
“Şagirdlərin mövzuları müntəzəm təkrarlamaması, yalnız imtahana yaxın oxuması onların zəif nəticə göstərməsinə səbəb olub”
Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, abituriyentlərin buraxılış imtahanında zəif nəticə göstərməsinin bir neçə səbəbi var: "İlk olaraq deyim ki, orta məktəblərdə praktiki dərslər (xüsusən kimyada laboratoriya işləri) yetərincə keçirilmir. Bu da statistikaya təsir edir. Həmçinin, şagirdlərin mövzuları müntəzəm təkrarlanmaması, yalnız imtahana yaxın oxuması onların zəif nəticə göstərməsinə səbəb olub. Məlumdur ki, coğrafiyada xəritə üzərində işləmə, qrafik və cədvəl oxuma bacarığı önəmlidir. Kimyada isə düsturları, reaksiyaları və hesablama məsələlərini tətbiqetmə bacarığı vacibdir. Ən önəmlisi stress, həyəcan və diqqət dağınıqlığı nəticənin zəif olmasına əsasdır. Abituriyentlər hansı fəndən zəif olduğunu bilir, imtahan zamanı həmin fənnin suallarını cavablayanda həyəcanlanır və bildiyini də unudur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, coğrafiya və kimya fənni ilə yanaşı, riyaziyyat fənni üzrə də abituriyentlərin göstəriciləri olduqca aşağıdır: “Bu göstəricilər qruplarda daha aydın bəlli olur. Bütün fənlər üzrə imtahan nəticəsinin yaxşı olması üçün şagird ilk öncə sinif otağında müəllimi diqqətlə dinləməlidir. İndi nə müəllimlər sinif otağında mükəmməl dərs öyrədir, nə də şagirdlər müəllimə qulaq asır. Şagird düşünür ki, repetitor yanında öyrənəcək, bunu bilən pedaqoq da özünü yormur”.
Günel CƏLİLOVA