Elşad Elşən oğlu Baloğlanlı həyatı dərk edən gündən onun üçün Vətən hər şeydən qiymətli, hər şeydə üstün olub. Bu ilahi sevgi onun iç dünyasında gəlib. Vətənin bir parçası olan Qarabağımızın düşmənə əsir düşməsi Elşadın bütün rahatlığını əlindən alıb. Saf vicdanı isə hər an onu döyüşə səsləyib. Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanıb. 44 günlük haqq savaşımız başlanan kimi çəkinmədən, qorxmadan özünü odun-alovun içinə atıb. Neçə-neçə ölüm-dirim savaşının qalibi olub. 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla yolunda qan tökdüyü Vətən səmasının əbədi parlaq günəşinə çevrilib. Tarix yazıb, ad qazanan qəhrəman Elşad Baloğlanlı dövlətin ən yüksək təltiflərinə- 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallara layiq görülüb. Həmçinin şərəfli ölümü ilə göstərib ki: ”Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”.
Elşad Baloğlanlı 18 yanvar 2002-cı ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 18 yaşına çatanda el-obada saf, təmiz, təmənnasız bir gənc kimi sevilib. Canına yağı dadanmış yurdunun taleyini düşünməklə 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşüb. Cəbhə bölgəsində canından əziz bildiyi Vətənin müqəddəsliyinə tapınmaqla əsgərlik borcunu ləyaqətlə yerinə yetirib. Fədakarlığı, mərdliyi hər işdə ona uğur qazandırıb. Vətənə sevgi, yağıya nifrət ruhunda formalaşan Elşad həmişə də komandirlərin, əsgər yoldaşların qarşısında and içib ki, müharibə olsa, məkrli düşmənlə son damla qanıma qədər döyüşüb qisasımı alacağam.
27 sentyabr 2020-ci il. Minlərlə Vətən qeyrətli oğulların arzuladığı tarix. Ermənistan işğalçı hərbi birləşmələrinin cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın əmri ilə əks-hücuma keçib. Birincilər sırasında müharibə meydanına girən əsgər Elşadın yağıya vurduğu ilk sarsıdıcı zərbəsi tutarlı alınıb, ciddi itkiyə məruz qalıb. Döyüşdən-döyüşə bərkiyən igid əsgər hər dəfə düşmənlə üz-üzə gələndə ona ürəyincə qan qusdurub. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə yaşının çərçivəsinə sığmayan bir tarix yazıb. Burada dığaların kabusuna çevrilməklə onlarla canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Həm də bura Elşadın sonuncu döyüş yeri olub. Ağır yaralı halda belə silahı yerə qoymayıb. “Təki Vətən yaşasın !”-deyib və canını ona fəda edib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü