Demək olar ki, hər gün bir neçə nəfərin çimərlikdə boğulması haqda xəbərlər eşidirik: daha 8 nəfər, daha 4 nəfər, daha 2 nəfər, daha 6 nəfər...
Cavan-cavan insanların dənizdə boğulmasının əsas səbəblərindən biri odur ki, anomal istilərlə keçən yay fəsli insanları təntidir, bişirir və onlar sərinləmək üçün axtarıb tapdıqları su hövzəsində heç bir təhlükəsizlik texnikasını gözləmədən çimmək istəyirlər.
Bəzən də gənclərin boğulmasını onların "eqo”su ilə əlaqələndirirlər ki, üzə bilmədikləri halda özlərini ətrafdakı insanlara sübut etmək üçün dərin sulara baş vururlar.
Son vaxtlar sosial mediada çimərlikdə çalışan dalğıcların dənizdə çimən vətəndaşları batıraraq suyun altında bir yerə bağladıqları, daha sonra isə meyiti qohumlarına satdıqları barədə məlumatlara tez-tez rast gəlinir.
Zamin Eyvazov adlı istifadəçi sosial şəbəkədə yazaraq qeyd edir: "İnsanları vodolazlar çəkib aparır, suyun altında bir yerə bağlayır, sonra isə meyiti yiyəsinə çoxlu pul qarşılığında satırlar”.
Ceyhun Məmmədov adlı istifadəçi də eyni fikirdədir: "Tanıdığım biri dənizdə bir az dərinə gedibmiş. Bu zaman kimsə ayağından tutub batırmaq üçün aşağıya doğru dartıb. Xoşbəxtlikdən özünü itirməyib, o biri ayağıyla adamın üzünə təpik vurub əlindən çıxıb".
Səslənən iddialarla bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevlə əlaqə saxladıq.
"Hansı çimərlikdə təhlükəsizlik qaydalarına əməl olunursa ora getmək lazımdır"
O, "Bakı-Xəbər" ə açıqlamasında qeyd etdi ki, dalgıcın bilərəkdən üzən şəxsi suda boğması inandırıcı deyil: "Dalğıcın üzən şəxsi suyun altına çəkib bağlaması, sonra meyidini pul müqabilində yaxınlarına satması əsası olmayan şaiələrdir. Belə bir fakt olarsa bununla bağlı hüquqi işlər görülər".
Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, çimərliyə gedən şəxslər diqqətli olmalıdır. Nəzarət olunan çimərliyə gedilməlidirlər. Hansı çimərlikdə təhlükəsizlik qaydalarına əməl olunursa ora getmək lazımdır: "Çimərliyə planlı şəkildə getmək lazımdır. Fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Hər il dünyada 370 mindən çox insan çimərlikdə boğulur. Bu, kifayət qədər ciddi rəqəmdir. Bunların içərisində 95 faizdən çoxu qeyri-çimərlik ərazisində baş verən boğulma hallarıdır. Bu da onu göstərir ki, qeyri-çimərlik ərazisinə getmək insanların həyatı üçün təhlükəlidir. Əlverişsiz hava şəraitində çimərliyə getməmək lazımdır. Dünya üzrə boğulanların 70%-dən çoxu məhz əlverişsiz hava şəraitində çimərliyə gedənlərdir. Görün, bu iki nüansa diqqət etməklə insan özünü boğulmaqdan nə qədər qorumuş olur. Əlverişsiz hava şəraiti dedikdə bunlar nəzərdə tutulur: günün qaranlıq vaxtında, küləyin sürəti saniyədə 10-12 metrdən, dalğaların gücü 3 baldan yuxarı olarsa, getmək olmaz. Bəzən hündürlüyü 3 metr olan dalğaların arasında girib çimirlər. Bu istirahət deyil axı! Bu, birbaşa özünü təhlükəyə atmaqdır".
Günel CƏLİLOVA