Arzuxan Əlizadə: “Moskvaya sərf edir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanı İran vasitəsi ilə vursun”
Tehran gözlənilmədən Ermənistanın Baş naziri Nikol Paşinyana "Tramp Yolu" ilə bağlı yeni, sərt şərtlər təqdim edib. İran hakimiyyəti TRIPP-in təhlükəsizliyinin ya yalnız Ermənistan silahlı qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib (görünür, Rusiya silahlı qüvvələrini nəzərdə tutur).
Erməni mənbələrinə görə, Tehran bununla sərhədlərində Amerika qoşunlarının mövcudluğunun qarşısını almağa çalışır. Əks halda, artan münaqişə kontekstində iranlılar amerikalı hərbçilərini qanuni hədəf hesab edəcəklər. Bu isə İrəvanın onsuz da "iflic" vəziyyətində olan xarici siyasət layihəsinin həyata keçirilməsini ciddi şəkildə çətinləşdirir.
Maraqlıdır, bu, İranla Rusiyanın birlikdə hazırladıqları ssenari ola bilərmi?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a açıqlamasında bunu istisna etmədi: “Bunu şərtləndirən bir sıra faktorlar var. Başlıca faktor ondan ibarətdir ki, hər iki ölkənin bu məsələdə maraqları örtüşür. İranla yanaşı, Rusiya da istəmir ki, Zəngəzur dəhlizinə Birləşmiş Ştatlar moderatorluq etsin, bu və ya digər formada orada iştirak etsin. O cümlədən, həm Rusiya, həm İran istəmir ki, Avropa İttifaqının Ermənistanda mövcudluğu artsın. Ona görə də, bəli, bu, Moskva ilə Tehranın hazırladıqları birgə plandır. Dəhlizə ABŞ yox, Rusiyanın İranla sərhədində yerləşən qüvvələr nəzarət etsin. Ukraynada gedən müharibə səbəbindən Rusiya açıq şəkildə Birləşmiş Ştatların Zəngəzur dəhlizində mövcudluğuna qarşı çıxmır. Çünki bu, Trammpın qəzəbinə səbəb ola bilər və ABŞ-ın Ukraynaya silah yardımını gücləndirməsinə gətirib çıxaracaq. Məhz bu səbəbdən Rusiya oyunu İran üzərindən qurur. Çünki bilir ki, onsuz da İran-ABŞ-la müharibə vəziyyətindədir. Moskvaya sərf edir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanı İran vasitəsi ilə vursun. Fikrimcə, bütün bu pərdəarxası təzyiqlərin nəticəsidir ki, Ermənistan Zəngəzur dəhlizinin tikintisinə gələn ilin əvvəlində başlamağı planlaşdırır. İran ətrafında qarşıdurmanın uzanması, Rusiyadan artan təzyiqlər Paşinyanı bəzi addımları atmaqdan çəkindirir. Ancaq bütün bunlara baxmayaraq, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane ola bilməyəcəklər. Əvvəl-axır bu, həyata keçəcək”.
Vidadi ORDAHALLI