Ukrayna Prezidenti Zelenski bildirib ki, ABŞ Prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner qış aylarında Moskva və Kiyevlə hərbi gərginliyi azaltmaq üçün potensial addımları müzakirə ediblər. O, bildirib ki, amerikalı danışıqçıların səyləri əsasən diplomatik proseslər qarşısında "maneələri aşmağa" yönəlib, lakin onlar həmçinin bir neçə yeni təklif irəli sürüblər. Zelensky “Axios”a verdiyi müsahibədəe nerji obyektləri, taxıl təchizatı və neft və qaz ixracı ilə bağlı təkliflərin olduğunu deyib.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya əvvəlki illərdə olduğu kimi, payız və qış aylarında Kiyevi güzəştə getməyə məcbur etmək üçün Ukraynanın enerji sektoruna fəal şəkildə hücum etməyi planlaşdırır. Bununla belə, Zelenski hesab edir ki, Putin ABŞ prezidenti Trampı "məyus etmək istəmir" və sülh danışıqlarının irəliləməsi üçün təklifləri "müzakirə etməyə hazır" olduğuna inanır.
Ukrayna prezidenti yaxın gələcəkdə ABŞ və Rusiya ilə daha bir üçtərəfli görüşün keçirilməsi ehtimalını da qaldırıb. "Sentyabr və oktyabr aylarımız var. Düşünürəm ki, Prezident Tramp soyuq qış başlamazdan əvvəl danışıqlar prosesinə həqiqətən başlamaq üçün bir yol tapa bilər", - deyə Zelenski bildirib.
Daha əvvəl “Axios” mənbələri Uitkoff və Kuşnerin Kiyevdə Zelenski ilə görüşündə "yenilənmiş sülh təklifi" hazırlamaq və qışdan əvvəl danışıqlarda irəliləyiş əldə etmək niyyətlərini açıqladıqlarını bildirmişdilər. Kuşner hərbi əməliyyatlara son qoymaq üçün variantları tapmaq məqsədilə üçtərəfli ABŞ-Rusiya-Ukrayna formatına qayıtmağın vacibliyini vurğulamışdı. "Hər iki tərəflə danışmışıq, ona görə də ümid edirik ki, tezliklə bu məsələdə irəliləyiş əldə edəcəyik", - deyə Trampın kürəkəni bildirib.
Zelenski onu da qeyd edib ki, Donbasın taleyi əsas məsələ olaraq qalır. “Financial Times” mənbələri qeyd edib ki, Putin amerikalı danışıqçılarla görüşdə Ukrayna bölgəsinin nəzarətini təhvilməsində israr etməyə davam edib, Zelenski isə ərazinin verilməsini istisna edib. "Biz döyüş meydanında, düşmənin aktiv olduğu və şəxsi heyətini artırdığı şərqdə qüvvələrimizi gücləndirmişik. Yəni, orada bir çox geosiyasi məsələlər həll olunur", - deyə Ukrayna prezidenti qeyd edib.
Tahir TAĞIYEV