Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Yəməndəki Husi üsyançılarının ölkənin cənub bölgəsindəki bir sıra enerji obyektlərini və infrastrukturunu hədəf aldığını açıqlayıb. Hücumların bəzi ərazilərdə yanğınlara səbəb olduğu və bəzi əməliyyat fəaliyyətlərinin müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.
Açıqlamada ekspert sahə qruplarının yanğınları nəzarət altına almaq, əraziləri təhlükəsizliyini təmin etmək və dəymiş ziyanı qiymətləndirmək üçün işə başladığı qeyd edilib və hakimiyyət orqanlarının bu hücumların nəticələri ilə mübarizə aparmağa davam etdiyi vurğulanıb.
Qeyd olunur ki, əməliyyat planlarına uyğun olaraq, obyektlərin və işçilərin təhlükəsizliyini və əməliyyatların davamlılığını təmin etmək üçün zəruri tədbirlər görülüb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü briqada generalı Turki əl-Maliki isə İran tərəfindən dəstəklənən Husi üsyançılarının Səudiyyə Ərəbistanının Əbha, Xamis Muşayt, Cazan və Nəcran şəhərlərindəki mülki və kommersiya obyektlərinə hücumları nəticəsində 73 nəfərin yaralandığını bildirib.
Tahir TAĞIYEV