2014-cü ilin noyabr ayında keçmiş Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatdırılmasına qərar verildi. Və artıq neçə ildir ki, tədris ili bu formada davam etdirilir. Amma...
Orta məktəblərdə may ayının 25-dən etibarən şagirdlərə paylanılan pulsuz dərsliklər geri alınır. Baxmayaraq ki, tədris ili iyunun 15-də başa çatır.
Maraqlıdır, mayın 25-də dərsliklər yığılırsa şagirdlər 20 gün məktəbə nəyə görə gedirlər? Dərsliyi olmayan şagird məktəbdə nə öyrənir? Ən nəhayət, müəllimlər 20 gün müddətində məktəbdə nə ilə məşğul olur?
“Çarəsiz qalan valideyn öz vəsaitləri hesabına dərsliklər almaq məcburiyyətində qalır, bu səbəbdən də dərsliklərin vaxtından əvvəl yığılması düzgün deyil”
Təhsil eksperti Nizami Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dərslərin sentyabrın 1-dən başlayıb mayın 30-da bitməsi uşaqlar üçün faydalıdır. Çünki şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var: “Dərsliklərin tez yığılması şagirdlərin mövcud proqramı mənimsəməsinə mane olur. Kurikulum tələblərinə görə tədris ilinin sonunda şagirdlərdə zəruri bilik və bacarıqlar formalaşır. Məlumdur ki, şagirdlər arasında müəyyən diaqnostik qiymətləndirmə aparıla bilər. Belə olan halda şagirdin zəif mənimsədiyi mövzulara yenidən qayıtmaq zərurəti yaranır. Bu səbəbdən də dərsliklər heç bir halda vaxtından əvvəl yığıla bilməz. Bu, tədrisin keyfiyyətinə təsir edir. Çarəsiz qalan valideyn öz vəsaiti hesabına dərsliklər almaq məcburiyyətində qalır. Bu səbəbdən də dərsliklərin vaxtından əvvəl yığılması düzgün deyil”.
Ekspert onu da əlavə etdi ki, təhsil psixoloji bir məqamdır və Azərbaycanda 70 il oturuşmuş bir sistem var idi. Həqiqətən keyfiyyət göstəricisini istəyiriksə, dərslər mütləq şəkildə sentyabrın 1-də başlayıb, may ayının 31-i başa çatmalıdır. 14 gün ərzində hər hansı keyfiyyətə nail olmaq mümkün deyil. Nəticələr də onu göstərdi ki, təhsil müddətini 14 gün artırmaqla hansısa uğura nail olunmadı.
Günel CƏLİLOVA