Bütün dünyada olduğu kimi, Azərbaycanda da şiş əleyhinə olan preparatların sintezi, istehsalı son dərəcədə böyük vəsait tələb edir. APA-nın xəbərinə görə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov AMEA-nın Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib ki, hələ SSRİ dövründə Moskvada bir çox universitetlərin çalışması nəticəsində dünyada yüzlərlə şiş əleyhinə preparat olduğu halda, orada cəmi 2 preparat hazırlanıb.
Onun sözlərinə görə, həmin preparatlar da praktiki olaraq zaman keçdikcə istifadəyə yararsız olub: "İndi bu məsələ ilə ayrı-ayrı institutlar deyil, trans-kontinental şirkətlər məşğul olur. Çünki bunlar həddindən artıq bahalı preparatlardır. Onların sintezi, istehsalı, təmizlənməsi və müxtəlif mərhələlərdə sınaqdan keçirilməsi üçün çox böyük vəsait tələb olunur. Dünyada sırf bu işlə məşğul olan bəzi şirkətlər bu sahəyə milyardlarla vəsait qoyaraq, bundan iki-üç qat artıq vəsait götürürlər. Biz bu istiqamətdə işə başlaya bilərik. Ancaq inanmıram ki, bizim laboratoriyalar bugünkü imkanları ilə xəstələr üçün böyük şirkətlərin hazırladığı preparatlardan daha effektlisini hazırlaya bilər”.