Türkiyədə Halk TV telekanalı ilə bağlı istintaq çərçivəsində növbəti əməliyyat keçirilib. Əməliyyat zamanı 9 nəfər saxlanılıb. Saxlanılanlar arasında telekanalın tanınmış aparıcısı Ece Üner və onun həyat yoldaşı Deniz Bayramoğlu da var.
NTV-nin məlumatına görə, istintaq çərçivəsində ümumilikdə 12 nəfərin saxlanılması barədə qərar çıxarılıb. Onlardan 9-u artıq saxlanılıb.
Saxlanılanlar Ece Üner və Deniz Bayramoğlu ilə yanaşı, Halk TV-nin xəbər xidmətinin koordinatoru Hakan Kürşad Oğuz da yer alır. İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Oğuz hazırda ölkə xaricindədir və onun barəsində də saxlanılma qərarı verilib.
Türkiyə mediasının məlumatına görə, istintaq Halk TV-nin sahibi Cafer Mahiroğlu ilə bağlı araşdırma çərçivəsində aparılır. Baş Prokurorluq bir sıra maliyyə əməliyyatlarını, şirkətlərlə əlaqələri və bələdiyyə tenderləri ilə bağlı məsələləri araşdırır.
İstintaq çərçivəsində şübhəlilərə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayət təşkilatının yaradılması və həmin təşkilatda iştirak, ictimaiyyəti çaşdıran məlumatların açıq şəkildə yayılması, rüşvət, tender prosedurlarına müdaxilə və vergi qanunvericiliyinin pozulması ilə bağlı ittihamların irəli sürüldüyü bildirilir.
Qeyd edək ki, sadalanan ittihamlar hələ məhkəmə tərəfindən təsdiqlənməyib.
Tahir TAĞIYEV