Musiqi insanın duyğularına ən qısa yoldan çatan, bəzən sözlərlə ifadə edə bilmədiyimiz hissləri bir neçə notun, bir melodiyanın dili ilə anlatmağı bacaran sənət növüdür. Onun sərhədləri, yaşı və zamanı yoxdur. İnsan həyatının müxtəlif mərhələlərində musiqiyə fərqli ehtiyac duyur: bəzən sevincini bölüşmək, bəzən kədərini unutmaq, bəzən də öz düşüncələri ilə baş-başa qalmaq üçün bir mahnıya sığınır. Elə buna görə də musiqi sadəcə dinlənilən sənət deyil, həm də yaşanan, hiss edilən və insanın şəxsi xatirələri ilə birləşərək mənəvi dəyər qazanan bir dünyadır. Düşünürəm ki, hər mahnının öz taleyi, öz hekayəsi var. Bəziləri müəyyən bir dövrün ruhunu əks etdirir, bəziləri insanı illər əvvəlki xatirələrinə qaytarır, digərləri isə ilk dinlənildiyi andan etibarən yaddaşda özünə yer tapır. Elə mahnılar da var ki, zaman keçdikcə köhnəlmir, əksinə, hər yeni dinlənilişdə başqa bir məna qazanır. Bunun səbəbi yalnız melodiyanın gözəlliyi deyil. Mahnının uzunömürlü olması üçün onun sözləri, musiqisi, ifa tərzi və dinləyicidə yaratdığı emosional təsir arasında xüsusi bir ahəng olmalıdır.
Müğənnilik də məhz bu mənəvi ünsiyyətin qurulduğu sənət sahələrindən biridir. İfaçı yalnız bəstələnmiş musiqini və yazılmış sözləri dinləyiciyə çatdırmır, eyni zamanda həmin əsərə öz münasibətini, duyğusunu və sənət baxışını əlavə edir. Eyni mahnının müxtəlif ifaçılar tərəfindən səsləndirilməsi də təsadüfi deyil ki, fərqli təsir bağışlayır. Çünki hər səsin öz rəngi, hər ifanın öz xarakteri, hər sənətçinin isə musiqiyə yanaşmasında özünəməxsus cizgiləri var. Bəzən texniki baxımdan qüsursuz ifa dinləyicidə gözlənilən təəssüratı yaratmaya bilər. Digər tərəfdən, səmimiyyətlə, daxili hisslərlə təqdim olunan bir mahnı insanın yaddaşında uzun müddət qala bilər.
Azərbaycan musiqi mədəniyyəti isə zəngin ənənələri, müxtəlif janrları, özünəməxsus ifaçılıq məktəbi və dinləyici zövqü ilə seçilir. Muğamdan xalq mahnılarına, bəstəkar əsərlərindən müasir musiqi nümunələrinə qədər geniş bir yaradıcılıq xəzinəsinə malik olan Azərbaycan musiqisi müxtəlif nəsilləri bir-birinə bağlayan mühüm mədəni dəyərlərdən biridir. Bu ənənənin qorunması ilə yanaşı, onun müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi də sənət adamlarının qarşısında dayanan vəzifələrdəndir.
Müğənninin sənət yolu da yalnız səhnəyə çıxmaq, mahnılar təqdim etmək və alqış qazanmaqla ölçülmür. Bu yolun arxasında davamlı əmək, seçimlər, axtarışlar, bəzən uğurlar, bəzən də çətinliklər dayanır. Hər yeni mahnı ifaçı üçün növbəti yaradıcılıq sınağı, hər səhnə çıxışı isə dinləyici ilə yenidən qurulan bir ünsiyyətdir.
Bəs bir ifaçını dinləyicinin yaddaşında yaşadan nədir: səsinin özünəməxsusluğu, seçdiyi mahnılar, yoxsa ifasına hopan səmimiyyət? Sənətə fərqli yanaşmaların, yaradıcılıq axtarışlarının və musiqi dünyasının incəliklərinin izində müğənni Anar Nəbiyevlə söhbətləşdik. Olaylar.az-a müsahibəsində müğənni sənət yolunun başlanğıcından bugünkü yaradıcılıq fəaliyyətinə qədər uzanan məqamlardan danışdı:
- Anar bəy, sənətə başladığınız gündən bu günə qədər yaradıcılıq yolunuzda hansı dəyişikliklər baş verib və özünüzü hazırda sənət fəaliyyətinizin hansı mərhələsində görürsünüz?
-Sənətə başladığım ilk gündən bu günə kimi yaradıcılıq yolumda çox dəyişikliklər baş verib. İlk vaxtlar mənim üçün əsas məqsəd səhnəyə çıxmaq, dinləyicilərin məni tanıması və mahnılarımın sevilməsi idi. Belə düşünürdüm. Amma zaman keçdikcə anladım ki, özümü dinləyicilərə necə tanıtmalıyam. Təcrübəm artdı, musiqiyə yanaşmam dəyişdi. Artıq mənim üçün ən böyük uğur dinləyicilərin sevgisini qazanmaq və illər keçsə də, insanların yaddaşında qalmaqdır. Hazırda özümü yaradıcılığımın daha da yetkinləşdiyi, eyni zamanda yeni axtarışlar və inkişaf mərhələsində olduğum bir dövrdə görürəm. Hələ də yeni başlamış kimi addımlayıram.
- İfaçılıq fəaliyyətinizdə indiyədək sizin üçün ən əlamətdar və yadda qalan layihə hansı olub?
-İfaçılıq fəaliyyətimdə indiyədək ən yadda qalan və əlamətdar layihələrdən biri 2004-cü ildə "Ana Kür" mahnı müsabiqəsinin qalibi olmağım, digəri isə 2012-ci ildə ölkəmizdə böyük tanıtım layihəsi olan "Xalq ulduzu" layihəsinin iştirakçısı və laureatı olmağımdır. Artıq bu titul bir ad olaraq üzərimizdədir. Hər hansı məclisdə, məkanda və ya konsertdə bizi təqdim edərkən, məsələn, "Qarşılayın, "Xalq ulduzu" layihəsinin sevimli müğənnisi Anar Nəbiyev" deyilməsi mənim üçün xoşdur.
- Repertuar seçərkən mahnının musiqisinə, sözlərinə, yoxsa dinləyicilərdə yaradacağı təəssürata daha çox üstünlük verirsiniz?
- Repertuar seçərkən mahnının musiqisi, sözləri və dinləyicilərin baxış bucağı ilk növbədə çox önəmlidir. Xüsusilə indiki dövrdə düşünürəm ki, musiqi böyük şərtdir. Musiqidən sonra isə mahnının sözləri gəlir. Amma nəzərə alaq ki, bu gün dinləyicilər adi sözlərə daha çox üstünlük verirlər. Bununla belə, musiqinin özü və sözlər də böyük əhəmiyyət daşıyır.
- Azərbaycan musiqi mühitində baş verən dəyişiklikləri və müasir ifaçılıq tendensiyalarını necə qiymətləndirirsiniz?
- Azərbaycan musiqisi ümumiyyətlə toxunulmazdır. Əfsuslar olsun ki, müasir ifaçılıq tendensiyalarında bəzən bayağı üslubda olan musiqilərə yer ayrıldığını görürük. Mən bir ifaçı olaraq bunu qəbul etmirəm. Düşünürəm ki, bizim milli ruhumuza uyğun musiqilərimiz, klassik və retro mahnılarımız hər zaman unudulmazdır.
- Bu gün musiqi sahəsinə gələn gənc ifaçıların yaradıcılığını və fəaliyyətini necə qiymətləndirirsiniz, onların inkişafı üçün hansı imkan və çətinlikləri görürsünüz?
- Bu gün musiqi sahəsinə gələn gənc ifaçıların müəyyən bir qismi çox bərbad repertuarlara üstünlük verir. Əfsuslar olsun ki, gənclərimiz daha çox bayağılığa meyillidirlər. Amma onların arasında elələri də var ki, klassik musiqini sevir və onu gözəl ifa edir. Belə olan halda artıq kütlə də həmin ifaçını sevir və bəyənir.
- Son dövrlərdə yaradıcılığınızda hansı yeniliklərə imza atmısınız və yaxın gələcəkdə dinləyiciləri hansı yeni layihələrlə sevindirməyi düşünürsünüz?
-Son dövrdə yaradıcılığımda böyük uğurlar var. Şükürlər olsun ki, bunun da ən başlıca səbəbi sənətçinin bir nöqtədə dayanmaması, daim öz üzərində çalışmasıdır. Gələcəkdə çalışıram ki, repertuarımda zəngin musiqilərimizə, xalq bəstəkarlarının gözəl yaradıcılıq nümunələrinə daha çox yer verim. Məhz bunlarla daha çox dinləyicinin sevgisini qazanmışıq.
- Azərbaycan musiqisinin gələcək inkişafı ilə bağlı gözləntiləriniz nələrdir və bu prosesdə özünüzü hansı istiqamətdə görürsünüz?
- Azərbaycan musiqisinin gələcək inkişafı, şükürlər olsun ki, artıq daha da gözəlləşir. Son zamanlar bəzi müğənnilərə qadağalar qoyulduğu, bəzi bayağı mahnılar efirlərdən çıxarıldığı üçün insanlar artıq retro mahnılarımıza, gözəl bəstəkarlarımıza və xalq mahnılarımıza üstünlük verirlər. Düşünürəm ki, bu proses belə davam etsə, gələcəkdə gənc nəsil, gənc müğənni və ifaçılar üçün daha əlverişli və gözəl şərait yaranar.
- Toy mərasimlərində çıxışlarınız ifaçılıq fəaliyyətinizin hansı yerini tutur və bu məclislərdə tamaşaçı zövqünü, eyni zamanda öz sənət üslubunuzu qorumağı necə bacarırsınız?
-Toy mərasimlərində çıxışlarımız zamanı repertuar seçimində daha çox toy sahiblərinin istəyini nəzərə alırıq. Xüsusən də son zamanlar "Sevgili canan" romansı kimi böyük bir əsəri toylarda bəy və gəlinin zala daxil olması zamanı, ilk açılış mərasimində ifa edirəm. Ona görə də diqqət çəkən məqamlardan biri də repertuar seçimidir. Məclis sahibləri də ifaçının gözəl repertuar seçiminə üstünlük verirlər. Çünki toyda oxuyanın repertuar seçimi böyük şərtdir: zövqlü musiqilər seçmək və onları peşəkarlıqla təqdim etmək lazımdır. Sənət üslubumu da ona görə qoruyub saxlamışam ki, üzərimdə "Xalq ulduzu" adı var. Bu ad mənim üçün böyük nümunədir. Çalışıram ki, ilk növbədə bayağı ifalardan uzaq olum, gözəl musiqilərimizə müraciət edim. Çünki Azərbaycanın böyük və yetərincə zəngin musiqi irsi var.
Zeynəb Mustafazadə