Aparıcı Firuzə Cəlilovanın Novxanıdakı bağ evinə basqın olub. Bu barədə aparıcı özü sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib. Bağ evinə beş avtomobillə təxminən 15 naməlum şəxs gəlib.
Cəlilovanın sözlərinə görə, evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.
Aparıcı avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını açıqlayıb. O, hüquq-mühafizə orqanlarından hadisənin təcili və obyektiv araşdırılmasını, avtomobillərin və hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsini istəyib.
DİN aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirib. KİV-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.