Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və “Hapoel Beer-Sheva” komandaları arasında keçirilən UEFA Avropa Liqasının V tur matçı zamanı baş verən insidentlərə görə saxlanılan 16 türkiyəli azarkeş azadlığa buraxılıb.
Türkiyə mətbuatının məlumatına görə, azarkeşlərin sərbəst buraxılması Prezident Ərdoğanın göstərişi əsasında aparılan diplomatik və hüquqi təmaslar nəticəsində mümkün olub.
Hadisədən dərhal sonra Türkiyənin ədliyyə naziri Akın Gürlek Gürcüstanın ədliyyə naziri Paata Salia ilə telefon danışığı aparıb. Gürlek baş verən zorakılıq hallarını pisləyərək saxlanılan Türkiyə vətəndaşlarının dərhal azad edilməsini və hadisəyə görə məsuliyyət daşıyan şəxslərlə bağlı hüquqi tədbirlərin görülməsini tələb edib.
Təmasların nəticəsində azadlığa buraxılan vətəndaşların səhhətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, qarşılaşmanın 26-cı dəqiqəsində tribunada baş verən insidentlərə Gürcüstan polisi müdaxilə edib. Məlumata görə, polis əməkdaşları azarkeşlərə qarşı qeyri-mütənasib güc tətbiq edib. Bundan əvvəl də Fələstin bayrağı açan azarkeşlərə müdaxilə olunduğu, bibər qazından istifadə edildiyi və zorakılıq hallarının yaşandığı bildirilir.
İnsident səbəbindən Danimarkalı baş hakim Morten Kroq və komandalar meydanı tərk edərək paltardəyişmə otağına yollanıblar. “Beşiktaş”ın futbolçuları isə tribunadakı azarkeşləri sakitləşdirməyə çalışıblar.
Təxminən 40 dəqiqə dayandırılan oyun hadisələr səngidikdən sonra bərpa olunub. Futbolçular və hakimlər meydana qayıdaraq beş dəqiqə isinmə hərəkətləri etdikdən sonra qarşılaşmanı davam etdiriblər.
Tahir TAĞIYEV