İranın ABŞ hərbi qüvvələrinə qarşı əməliyyatlarda İlon Maskın sahibi olduğu “SpaceX” şirkətinin “Starlink” peyk internet sistemindən istifadə etdiyi iddia olunur. Bu məlumatın Maskı qəzəbləndirdiyi bildirilir.
“Washington Post” qəzeti şirkətdaxili müzakirələrdən xəbərdar mənbələrə istinadən yazır ki, ABŞ və İsrailin İrana qarşı hücumlarına başladığı mart ayının ilk həftəsində Mask “Starlink” sisteminin həm İran, həm də ABŞ ordusu tərəfindən icazəsiz istifadə edildiyini öyrənib.
Nəşrin danışdığı dörd mənbə İranın “Starlink”dən hərbi məqsədlərlə yararlandığını təsdiqləyib. İddialara görə, sistem hərbi bölmələrin idarə olunması, rabitənin təmin edilməsi və birtərəfli hücum dronlarının yönləndirilməsi üçün istifadə edilib.
Mənbələr bu məlumatların yay aylarında ABŞ müdafiə naziri Pit Heqsetə təqdim olunan məxfi hesabatda yer aldığını bildiriblər. Onların sözlərinə görə, İran ənənəvi rabitə sistemlərinin sıradan çıxarılmasına yönəlmiş hücumlar fonunda “Starlink”i alternativ əlaqə vasitəsi kimi işə salıb.
Məlumatda ABŞ ordusunun da “SpaceX”in hərbi təyinatlı “Starshield” sistemindən birtərəfli hücum dronlarında istifadə etdiyi iddia olunur. Bununla belə, hərbi hava vasitələri üçün nəzərdə tutulan daha bahalı abunəlik əvəzinə, daha ucuz yerüstü istifadə paketinin alındığı bildirilir.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Kinqsli Vilson isə “Washington Post”a açıqlamasında CENTCOM tərəfindən bu məsələ ilə bağlı hesabatın mövcudluğundan xəbərdar olmadıqlarını deyib. O, İranın “Starlink”dən hərbi əməliyyatlarda istifadə edib-etməməsi ilə bağlı suala cavab verməyib.
Qeyd edək ki, İlon Mask martın 1-də “X” sosial şəbəkəsində ABŞ-ın İrana qarşı hücumlarda istifadə etdiyi LUCAS tipli dronlarda “Starlink” terminallarının quraşdırıldığı barədə paylaşımı şərh edib. O, kommersiya təyinatlı terminalların silah sistemlərində istifadəsinin xidmət şərtlərini pozduğunu və belə hallar aşkarlandıqda xidmətin dayandırıldığını bildirib.
Tahir TAĞIYEV