Ramil Məmmədli: “Hüquqi, siyasi müstəvidə maneələr, təhdidlər qaldıqca, bu, TRIPP üçün təhlükə yaradacaq”
Məlum olduğu kimi, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan bildirib ki, ölkəsi TRIPP layihəsi çərçivəsində Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu xəttinin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırır.
Onun sözlərinə görə, TRIPP çərçivəsində Bakıdan Naxçıvana uzanacaq dəmir yolu xəttinin keçəcəyi marşrut artıq müəyyənləşdirilib. Hazırda gələcək dəmir yolu xəttinin çəkiləcəyi ərazidə təmizləmə işləri aparılır: “Dəmir yolu xəttinin marşrutu bəllidir. Hazırda ərazinin təmizlənməsi ilə bağlı müəyyən işlər aparılır. Bu, gələn il dəmir yolunun tikintisinə başlaya bilməyimiz üçün edilir”.
Ümumilikdə bəli, ərazidə iş görmək istəyirlər, təmizlik aparılır və s. Ancaq hüquqi, siyasi müstəvidə hələ maneələr var. Məsələn, İranın, Rusiyanın maneçiliyi danılmazdır. Digər tərəfdən, Ermənistanın dəmir yollarının idarəçilik hüququ Rusiyanın əlindədir. Rusiya deyir ki, müəyyən ərazilərdə dəmir yolunun çəkiliş hüququ onun əlindədir. İran mütəmadi olaraq Zəngəzur dəhlizini təhdid edir. Zəmanət yoxdur ki, İran ora nəsə atmayacaq. O baxımdan bu siyasi maneələrin aradan qaldırılması istiqamətində Ermənistandan bir tərpəniş yoxdur. O baxımdan bu sahədə nə gözlənilir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, görünən odur ki, hüquqi və siyasi maneələrə hələ davam edəcək: “Problem ondadır ki, Rusiya ilə İranın Zəngəzur dəlizinə qarşı mövqeyi üst-üstə düşür. Hər iki ölkə dəhlizin Birləşmiş Ştatlar egidası altında reallaşmasına qarşıdırlar. İran ümumiyyətlə istəmir ki, Zəngəzurdan dəhliz keçsin. Rusiya isə ən yaxşı halda dəhlizin 10 noyabr 2020-ci ildə əldə edilən üçtərəfli razılaşmadan çıxış edərək dəhlizin onun nəzarəti altında olmasını istəyir. Həmin bəyanatın 9-cu bəndinə uyğun olaraq, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti tərəfindən həyata keçirilməsi Moskvanın əsas istinad nöqtəsidir. Baxın üstündən 6 il keçib və Rusiyanın bu məsələdə praktiki iştirakı gündəmdən çıxarılıb, amma ara-sıra Moskva 9-cu bəndi xatırladır. Mariya Zaxarova TRIPP marşrutuna hələ də istehza ilə yanaşır. İranın Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı sonuncu mövqeyi belə olub: “Mən Ermənistan səfirinə birmənalı şəkildə bildirdim: Əgər Tramp və müttəfiqləri bizim bu qırmızı xəttimizi keçməyə çalışsalar, onların ayaqlarını qıracağıq”. Ona görə də, hüquqi, siyasi müstəvidə maneələr, təhdidlər qaldıqca, bu, TRIPP üçün təhlükə yaradacaq. Ermənistan bunları ortadan qaldırmaq üçün ciddi çalışmalıdır”.
Vidadi ORDAHALLI