Rusiya Aerokosmik Qüvvələrinin (VKS) silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexov Moskvada həbs edilib. Məlumata görə, 64 yaşlı hərbçinin barəsində həbs qətimkan tədbiri noyabrın 25-də 235-ci Qarnizon Hərbi Məhkəməsi tərəfindən seçilib. Onun həbs olunması ilə bağlı vəsatəti Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi təqdim edib.
Generalın hansı cinayət maddəsi ilə ittiham olunduğu və cinayət işinin hansı hallarla bağlı olduğu hələlik açıqlanmayıb. Həmçinin onun həbsinin konkret səbəbləri barədə rəsmi məlumat verilməyib.
Rusiya Aerokosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexovun həbsinin rüşvət və korrupsiya ilə bağlı olması nə dərəcədə ehtimal olunur? Bu versiyanın nə qədər real əsası var və belə yüksək rütbəli hərbçinin korrupsiya ittihamı ilə saxlanılması Rusiya ordusunda mövcud vəziyyət barədə hansı qənaətləri yaradır?
Əli Orucov: "Kreml ordudakı uğursuzluğun məsuliyyətini korrupsiyaya uğramış generalların üzərinə qoyur"
Politoloq Əli Orucov məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiya Aerokosmik Qüvvələrinin silahlanma üzrə baş komandanının müavini, general-polkovnik Yuri Qrexovun həbsi sıradan bir hadisə deyil. Bundan əvvəl də Rusiya Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli zabitləri, o cümlədən nazir müavinləri barəsində cinayət işləri başlanıb. Yeni müdafiə naziri Andrey Belousovun həyata keçirdiyi təmizləmə əməliyyatları isə hələ də davam edir.
Onun sözlərinə görə, bu həbslər Rusiya ordusunda korrupsiya və rüşvətxorluğun geniş miqyas aldığını bir daha nümayiş etdirir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan milyardlarla vəsaitin təyinatı üzrə xərclənməməsi, ordunun müasir silah-sursat və hərbi texnika ilə təchizatında ciddi problemlərin mövcudluğu bu vəziyyətin əsas göstəricilərindəndir.
Politoloq qeyd edib ki, həbs edilən general Qrexov bundan əvvəl Hərbi Hava Qüvvələrinin müdafiə sahəsinə cavabdeh olub. Hazırda isə Rusiya Ukraynanın intensiv hava hücumları qarşısında hava hücumundan müdafiə sistemlərinin effektivliyi ilə bağlı ciddi problemlər yaşayır. Bu amil də generalın həbsinə gətirib çıxaran səbəblərdən biri ola bilər.
Əli Orucovun fikrincə, müharibənin uzanması, cəbhə xəttində ciddi uğurların əldə olunmaması və Ukraynanın hava hücumlarının intensivliyinin artması Kremli ordu üzərində daha sərt və effektiv nəzarət mexanizmləri yaratmağa vadar edir. Digər tərəfdən, bundan əvvəl həbs edilmiş müdafiə nazirinin müavinləri, Baş Qərargah rəisinin müavini və digər yüksək rütbəli generallarla bağlı istintaq tədbirləri orduda korrupsiya və rüşvətxorluğun əhatə dairəsinin kifayət qədər geniş olduğunu göstərir.
Politoloq vurğulayıb ki, Rusiya ordusunun döyüş qabiliyyətini zəiflədən əsas amillərdən biri özbaşınalıq, korrupsiya, mənimsəmə və hərbi hissələrdəki nizamsızlıqdır. Bütün bunlara baxmayaraq, indiyədək həmin neqativ halların qarşısını almaq mümkün olmayıb. Ordunun təchizat səviyyəsi də uzunmüddətli və intensiv müharibənin tələblərinə cavab vermir.
Onun sözlərinə görə, orduda mövcud olan bu problemlər canlı qüvvə itkilərinin artmasına da təsir göstərir. İnsan itkilərinin çoxalması isə Rusiya cəmiyyətində narazılıqları və müharibəyə qarşı etiraz əhval-ruhiyyəsini gücləndirir. Buna görə də Kreml korrupsiyaya bulaşmış hərbi məmurları cəzalandırmaqla yanaşı, müharibədəki uğursuzluqların məsuliyyətini və günahını da onların üzərinə yönəltməyə çalışır.
Dəniz NƏSİRLİ