İranın xarici işlər naziri Abbas Əraqçi Küveytə pilotsuz uçuş aparatları ilə hücum edilməsi ilə bağlı insidenti şübhəli adlandırıb. O, hadisənin müharibəyə zəmin yaratmaq üçün hazırlanmış ssenariyə bənzədiyini bildirib və Küveyt, eləcə də İtaliya ilə birgə araşdırma aparmağa hazır olduqlarını açıqlayıb.
Əraqçi sosial şəbəkə hesabında bildirib ki, insidentin başvermə şəraiti ciddi şübhələr doğurur və hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün Tehran Küveyt və İtaliya ilə əməkdaşlığa hazırdır.
İranlı nazir İtaliya və Küveytin xarici işlər nazirləri ilə telefon danışığı zamanı hadisə nəticəsində İtaliya vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verdiyini də qeyd edib.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə söhbətində Əraqçi Tehrana qarşı irəli sürülən ittihamları əsassız adlandırıb. O, İranın baş verənlərə aidiyyəti olmadığını və hadisəyə görə məsuliyyət daşımadığını vurğulayıb.
İran Silahlı Qüvvələri də hücumda iştirak etmədiklərini bəyan edib. Qurumun nümayəndəsi Əbolfazl Şekarçi bildirib ki, İran qüvvələri regionda heç bir hərbi və ya hücum əməliyyatı həyata keçirməyib.
Xatırladaq ki, Küveyt Müdafiə Nazirliyi daha əvvəl İran dronlarının hücumu nəticəsində iki İtaliya vətəndaşının öldüyünü, daha iki nəfərin isə yaralandığını açıqlamışdı.
Tahir TAĞIYEV