İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılıb.
Xəzər Rayon Məhkəməsi bu gün Hacıyevin səhhətini nəzərə alaraq onun cəzasının azaldılması barədə qərar qəbul edib. Qərar qəbul edilənədək cəza müddətinin başa çatmasına 1 ildən bir qədər çox vaxt qalırdı.
Qeyd edək ki, Vilyam Hacıyev 5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb. Ona vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma ittihamları irəli sürülüb. İstintaq materiallarında dövlət vəsaitlərinin mənimsənilməsi, sosial mənzillərin qanunsuz verilməsi, aztəminatlı şəxslərin əməkhaqlarının ələ keçirilməsi və sahibkarlardan müxtəlif adlar altında pul tələb edilməsi ilə bağlı iddialar yer alıb.
Həmin gün Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib.
25 iyul 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin iyununda Ali Məhkəmə tərəfindən onun cəzası 8 il 6 aya endirilib.
ZÜMRÜD