Noyabrın sonlarında dünya bazarında qızılın bir unsiyası 3 min 485 dollaradək geriləyərək 2025-ci ilin sentyabrından bəri ən aşağı həddə düşüb. Bir həftə ərzində təxminən 9 faiz dəyər itirən qiymətli metalın ucuzlaşması ABŞ-da faiz dərəcələrinin artırılacağı gözləntiləri, dolların möhkəmlənməsi və maliyyə bazarlarındakı satış dalğası ilə əlaqələndirilir.
Dünya Qızıl Şurasının hesabatına əsasən, bu ilin üçüncü rübündə qızıla qlobal tələbat 1 faiz azalaraq 1 min 369 tona ensə də, ilk doqquz ayda mərkəzi bankların xalis qızıl alışları 6 faiz artaraq 675 tona çatıb. Son illər Azərbaycan da dövlət maliyyə ehtiyatlarının mühüm hissəsini qızıl alışına yönəldib. Dövlət Statistika Komitəsinin rəqəmlərinə görə, ölkə 2024-cü ildə 3.31 milyard dollarlıq (41.1 ton), 2025-ci ildə isə 6.26 milyard dollarlıq (57.5 ton) qızıl idxal edib. Bu ilin yanvar-sentyabr aylarında isə Azərbaycan xaricə 3.78 milyard dollar dəyərində 25.4 ton emal olunmamış və yarımişlənmiş qızıl satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 16, həcm baxımından 7 dəfə artım deməkdir. İxrac dəyərinin təxminən 92 faizi Böyük Britaniyanın payına düşüb. Əvəzində, bu ilin ilk 9 ayında qızıl idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 99.6 faiz azalaraq 170.8 kiloqrama, dəyər ifadəsində isə 99.3 faiz azalaraq 26.1 milyon dollara düşüb. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, qızıl amili nəzərə alınmazsa, bu ilin ilk doqquz ayında Azərbaycanın ümumi ixracı 9.6 faiz, qeyri-neft ixracı isə 20 faiz artıb. 2024-cü ilin sonunda 146.6 ton qızıl ehtiyatına malik olan Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən ilin yekununda bu rəqəmi 200 tona çatdırıb. Bu ilin ilk rübündə isə fond ehtiyatlarının 21.9 tonunu satıb. Neft Fondu aprel ayında qızıl satışını investisiya portfelinin yenidən balanslaşdırılması ilə əsaslandırıb. Qurumun 2026-cı il üzrə investisiya siyasətinə görə, qızılın portfeldəki payı 35 faizədək müəyyənləşdirilib və əlavə 4 faiz bəndi kənarlaşmaya icazə verilir. Milli Məclisdə 2027-ci ilin büdcə müzakirələri zamanı maliyyə naziri Sahil Babayev deyib ki, qızılın bir unsiyası 5 min dolları ötəndən sonra Fond onu satmağa başlayıb: "Bunun nəticəsində ARDNF kifayət qədər böyük qazanc əldə edib". S.Babayev qızılın qiymətini əvvəlcədən dəqiq proqnozlaşdırmağın mümkün olmadığını da diqqətə çatdırıb: "Əgər qiymətin 3 min 800 dollardan da aşağı düşəcəyinə əmin olsaydıq, bəlkə qalan qızılı da satardıq". Nazir satışdan əldə olunan qazancın konkret məbləğini açıqlamayıb.
Təbii ki, fondun qızıl ehtiyatlarının bir qismini satması yerində atılmış addımdır. Amma xalis qazancı hesablamaq üçün alış-satış qiymətləri, əməliyyat tarixləri, eləcə də saxlanma və daşınma xərcləri dəqiq bilinməlidir. 2025-ci ilin sonunda Neft Fondunun qızıl ehtiyatları 28 milyard dolları, onun ümumi yatırımlardakı payı isə 38 faizi keçib. Bu il sentyabrın sonunda isə fondda 23.93 milyard dollarlıq (178.1 ton) qızıl qalıb və onun payı 32.3 faizə düşüb. Hesablama Palatası da Fondun investisiya portfelində qızılın yüksək payından doğan cəmləşmə risklərinə diqqət çəkib. Əvvəlki illərdə Neft Fondunun xaricdə aldığı daşınmaz əmlakların bir hissəsinin dəyər itirməsi də müzakirələrə yol açıb. Hesablama Palatasının 2025-ci il üzrə yoxlamasına görə, ötən il 571.1 milyon dollarlıq infrastruktur yatırımı səhmlər bölməsindən çıxarılaraq daşınmaz əmlak bölməsinə daxil edilib. Bu yatırımların 10.8 faizlik gəliri daşınmaz əmlak bölməsinin ümumi göstəricisini müsbətə çıxarıb. Həmin vəsaitlər nəzərə alınmasaydı, daşınmaz əmlak üzrə gəlirlilik mənfi 0.02 faiz olacaqdı. Neft Fondunun vəsaitləri 2025-ci ildə 60 milyard dollardan 73.54 milyard dollara qalxıb, bu ilin ilk doqquz ayında isə 74 milyard dollara çatıb. Mərkəzi Bankın valyuta ehtiyatları isə bu il yanvarın sonundan oktyabrın sonunadək 11.56 milyard dollardan 15.43 milyard dollara kimi artıb.
Ramil QULİYEV