Ermənistanın yeni Konstitusiya layihəsi ətrafında hakimiyyət və müxalifət arasında ziddiyyətlər getdikcə daha kəskin xarakter alır. Nikol Paşinyan iqtidarı yeni Konstitusiyanın qəbulunu dövlətin varlığını davam etdirməsinin əsas şərti kimi görür. Müxalifət isə tamam fərqli mövqedən çıxış edərək, bu layihənin ölkəni məhvə doğru sürüklədiyini iddia edir. Beləliklə, bir tərəfdə ölkənin gələcəyini yeni siyasi və hüquqi çərçivədə müəyyənləşdirmək niyyətində olduğunu bildirən hakimiyyət, digər tərəfdə isə bu təşəbbüsü milli maraqlara, dövlətçilik ənənələrinə və müstəqilliyə təhdid kimi təqdim edən müxalifət dayanır. Tərəflər arasında kəskinləşən ziddiyyət yaxın tezliklə küçə qarşıdurmalarında da özünü göstərəcək.
Nikol Paşinyan hakimiyyəti üçün yeni Konstitusiya yalnız hüquqi mətnin dəyişdirilməsi ilə məhdudlaşmır. Burada söhbət həm də Ermənistanın keçmiş münaqişə mərhələsindən çıxaraq yeni regional reallıqlara uyğunlaşmasından gedir. Lakin hakimiyyətin çəkdiyi siyasi xəritənin qarşısında müxalifətin sərt müqavimət səddi ucalır. Beləliklə, İrəvanda mübahisə artıq sadəcə Konstitusiyanın hansı maddəsinin dəyişdirilməsi ətrafında getmir. Qarşıdurmanın dərinliyində iki fərqli siyasi yanaşma toqquşur. Bu toqquşmanın tezliklə Ermənistan küçələrində də özünü qabarıq şəkildə büruzə verməsi gözlənilir. Əslində, küçə mübarizəsindən istifadə edərək müxalifətə təzyiqlərin mümkünlüyü ilk olaraq Nikol Paşinyan tərəfindən gündəmə gətirilib. Baş nazir 2019-cu ilin oktyabrında baş verən hadisələri xatırladaraq, hakimiyyətin parlament binası qarşısında mitinq təşkil etməsi ehtimalını da istisna etməyib. Beləliklə, Paşinyan Konstitusiya referendumunun keçirilməsi üçün parlamentdə çatışmayan səsləri ictimai təzyiq vasitəsilə təmin etməyə hazırlaşır. Yəni parlamentdəki siyasi düyünün küçə təzyiqi ilə açılmasına cəhd göstərilməsi ehtimalı yüksək olaraq qalır. Erməni ekspert Vıgen Hakobyan bildirir: “Hakimiyyət bütün vasitələrlə, “qırmızı xətlər” olmadan müxalifətdən 6 səsi əldə etməyə çalışacaq. Hakimiyyətin müxalifətdən 6 səs qoparmaq üçün 2 yolu var: ya fərdi qaydada işləyib müxalifətə faktiki xəyanət edəcək 6 nəfəri tapmaq, ya da müxalifətə elə təzyiqlər etmək ki, müxalifət məcbur olub könüllü şəkildə həmin səsləri versin. Nikol Paşinyan bu anda vurğunu sonuncu variantın üzərinə qoyub, yəni təzyiqlərlə çatışmayan səsləri almaq, çünki növbədənkənar seçkilər onun üçün böyük risklər daşıyır. Hakimiyyət həm də ictimai rəy formalaşdırılmağa çalışır ki, siyasi müxalifət xalqın, sülhün düşmənidir, müharibə tərəfdarı partiyalardır”.
Bu mənzərə Ermənistanın siyasi gələcəyini mürəkkəb suallar qarşısında qoyur. Hakimiyyət referendum vasitəsilə yeni siyasi legitimlik əldə etməyə çalışırsa, müxalifət bu prosesin özünün legitimliyini və demokratik əsaslarını mübahisələndirir. Eyni zamanda, müxalifət Paşinyanın etirazlarla təzyiq yanaşmasına da eyni üslubda cavab verməyə hazırlaşır. 15 siyasi qüvvənin bir araya gəldiyi müxalifət alyansı yeni Konstitusiya layihəsini rədd edərək, parlamentdəki “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları ilə həmrəyliklərini ifadə edib. Bu kontkestdə müxalifət yeni Konstitusiya layihəsinin qəbulunu əngəlləmək məqsədilə hakimiyyətə qarşı küçələrdə də mübarizənin başlanmasına hazıqlıq görüldüyünü bildirib. Respublika Partiyasının təmsilçisi Hayk Mamicanyan bildirir: “Nə parlamentdəki müxalifətçilər, nə də parlamentdənkənar qüvvələr boş oturmayacaqlar. Paşinyan, artıq elan etdiyi kimi, ictimai təzyiq göstərməklə repressiya trayektoriyasını genişləndirməyi düşünür. Amma heç bir halda küçələrdə təşəbbüs Paşinyanın əlində olmamalıdır. Müxalifət deputatlarına yeni Konstitusiya ilə bağlı referendumu təsdiqləmək üçün qanunsuz təzyiq göstərilə bilməz. Həmçinin, küçə mübarizəsi alətindən istifadə etməklə cəmiyyətin yeni Konstitusiyasını rədd etdiyini bu hakimiyyətə göstərəcəyik”.
Beləliklə, Ermənistanda yeni Konstitusiya layihəsi ətrafında alovlanan siyasi mübahisə artıq parlament tribunalarının hüdudlarına sığmır. Tezliklə ölkənin, xüsusən də İrəvanın küçə və meydanları hakimiyyətlə müxalifətin növbəti qarşıdurma meydanına çevriləcək. Görünən odur ki, Ermənistanın siyasi həyatında yeni bir mərhələ başlanır: Konstitusiya savaşı tədricən küçələrə daşınır. Müxalifət qüvvələri artıq ictimaiyyət arasında məlumatlandırma kampaniyalarına başlayıb, paytaxtın küçə və metro stansiyalarında vətəndaşlarla görüşərək hakimiyyətin təşəbbüsünə qarşı mövqelərini açıqlayırlar. Bu mənzərənin başqa bir mühüm tərəfi isə küçə qarşıdurmasının siyasi rəqabətdən çıxaraq cəmiyyətdə qütbləşməni daha da dərinləşdirmə ehtimalıdır. Siyasi ritorikanın sərtləşməsi sonda prosesin genişmiqyaslı toqquşmalara çevrilməsini də istisna etmir. Amma erməni cəmiyyəti burada onu da nəzərə almalıdır ki, yeni Konstitusiya ətrafındakı mübahisənin nəticələri Azərbaycan-Ermənistan münasibətlərinə, sülh müqaviləsinin perspektivlərinə və Cənubi Qafqazda formalaşan yeni siyasi arxitekturaya təsirsiz ötüşməyəcək. O səbəbdən erməni cəmiyyətinin bu reallıqları nəzərə alıb qərar verməsi mühümdür. Hələlik isə İrəvanda başlanan siyasi fırtınanın hansı istiqamətə yönələcəyini yaxın günlərin hadisələri göstərəcək.
Tahir TAĞIYEV