Dron dövründən lazer dövrünə - "Blysk" epizodu və müharibənin gələcəyi
Ukraynanın noyabrın 25-də açıqladığı məlumat hərbi texnologiyalar sahəsində diqqət çəkib. Ölkənin istehsalı olan "Blysk" lazer hava hücumundan müdafiə sisteminin döyüş şəraitində ilk dəfə Rusiyanın reaktiv mühərrikli "Geran" tipli pilotsuz aparatını məhv etdiyi bildirilir. Bu barədə Ukrayna Prezidentinin müdafiə texnologiyaları üzrə müşaviri Serhiy Beskrestnov məlumat verib.
Hadisə mühüm texnoloji yenilik sayıla bilər. Çünki indiyədək lazer sistemlərinin əsasən kiçik və nisbətən yavaş dronlara qarşı tətbiqi müzakirə olunurdu. Reaktiv mühərrikli aparatın lazerlə vurulması isə bu texnologiyanın imkanlarının genişlənə biləcəyini göstərir. Bununla belə, bir uğurlu epizodu müharibədə dönüş nöqtəsi adlandırmaq hələ tezdir.
"Blysk" sistemi "Carmine Sky" şirkəti tərəfindən hazırlanıb. Qurğunun gücü 4 kilovat, bəyan edilən effektiv təsir məsafəsi isə bir kilometrə qədərdir. Layihə Ukraynanın müdafiə texnologiyaları proqramı çərçivəsində dəstəklənir. Sistemin kütləvi istehsalı və real döyüş şəraitində davamlı effektivliyi barədə kifayət qədər məlumat yoxdur.
Lazer silahlarının əsas üstünlüyü atəşin maya dəyərinin ənənəvi raketlərlə müqayisədə aşağı olmasıdır. Raketlər bahalı sursat tələb etdiyi halda, lazer sistemləri elektrik enerjisi hesabına işləyir. Bu, xüsusilə ucuz dronların kütləvi hücumları zamanı müdafiə olunan tərəfə iqtisadi üstünlük verə bilər.
Ancaq lazer texnologiyasının ciddi məhdudiyyətləri də var. Duman, yağış və toz şüanın təsirini zəiflədir. Hədəfin müəyyən müddət fasiləsiz izlənməsi tələb olunur. Eyni zamanda, bir qurğunun eyni anda çoxsaylı hədəflərə qarşı mübarizə imkanları məhduddur. Bir kilometrə qədər təsir məsafəsi isə geniş ərazilərin müdafiəsi üçün kifayət etmir.
Bu səbəbdən lazer sistemləri ənənəvi hava hücumundan müdafiə vasitələrini əvəz etməyəcək, onları tamamlayacaq. Uzaqmənzilli və ballistik raketlərə qarşı “Patriot” kimi sistemlərə, yaxın məsafədə isə zenit qurğularına, dron-tutuculara və elektron mübarizə vasitələrinə ehtiyac qalacaq. Lazerin əsas vəzifəsi ucuz pilotsuz aparatları daha az xərclə zərərsizləşdirmək və bahalı raketlərin israfının qarşısını almaq olacaq.
Bu texnologiyanın geniş tətbiqi Rusiyanın dron hücumlarının effektivliyini müəyyən qədər azalda bilər. Lakin bunun üçün sistemlərin sayının artırılması, etibarlılığının yüksəldilməsi və strateji obyektlərin müdafiə şəbəkəsinə inteqrasiyası vacibdir. Ukrayna kimi geniş əraziyə malik ölkənin bütün hava məkanını lazerlə qorumaq real görünmür. Buna görə də ilk növbədə enerji stansiyaları, sənaye müəssisələri və digər mühüm infrastruktur obyektləri müdafiə oluna bilər.
Digər tərəfdən, Rusiya da bu texnologiyaya uyğunlaşmağa çalışacaq. Daha sürətli dronlardan, eyni vaxtda müxtəlif istiqamətlərdən hücumlardan və fərqli vasitələrin kombinasiyasından istifadə lazer sistemlərinin effektivliyini azalda bilər. Yəni hər yeni müdafiə texnologiyası qarşı tərəfi yeni hücum üsulları axtarmağa vadar edir.
Rusiya da lazer silahlarının hazırlanmasına uzun müddətdir vəsait ayırır. "Peresvet" və "Zadira" sistemləri bu istiqamətdə təqdim olunan nümunələrdir. Lakin onların real döyüş şəraitində effektivliyi barədə müstəqil təsdiqlənmiş məlumatlar yoxdur. Sanksiyalar yüksək texnologiyalı komponentlərin əldə edilməsini çətinləşdirsə də, Rusiyanın sənaye imkanları bu sahədə rəqabəti davam etdirməsinə şərait yaradır.
Ukrayna müharibəsi FPV dronlar, dəniz dronları, elektron mübarizə vasitələri və dron-tutucuların hərbi əhəmiyyətini artırıb. Lazer sistemləri isə bu texnoloji rəqabətə yeni istiqamət əlavə edir. Bununla belə, onların gələcəkdə geniş tətbiqi yalnız texniki imkanlardan deyil, istehsal xərclərindən, enerji təminatından və etibarlılığından da asılı olacaq.
Beləliklə, "Blysk" epizodunu dron dövrünün başa çatması kimi deyil, pilotsuz aparatlara qarşı mübarizədə yeni müdafiə mərhələsinin mümkün başlanğıcı kimi qiymətləndirmək daha doğrudur. Dronlar yaxın gələcəkdə də müharibənin əsas silahlarından biri olaraq qalacaq. Lazer texnologiyası isə onların qarşısını almaq üçün əlavə və potensial olaraq daha ucuz vasitəyə çevrilə bilər. Əsas üstünlüyü hansı tərəfin yeni silahı daha kütləvi, etibarlı və iqtisadi cəhətdən səmərəli istehsal edə bilməsi müəyyən edəcək.
Akif NƏSİRLİ