Əli Mustafa: “Rusiyanın böyük itkilər verməsi danılmaz həqiqətdir və bu, sonsuza qədər davam edə bilməz”
2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin başlamasından 2026-cı il sentyabrın sonunadək azı 490 min rusiyalı hərbçi həlak olub. Jurnalistlər bu rəqəmləri Rusiya Federal Dövlət Statistika Xidmətindən (Rosstat) sızdırılmış məlumatlar əsasında açıqlayıblar.
"Meduza" və "Mediazona"nın hesablamalarına görə isə, 2026-cı ilin payızınadək Rusiya tərəfinin ümumi itkiləri 720 min nəfərə və ya daha çoxuna çatıb. Bu siyahıya həyatını itirən, amma hələ də itkin düşmüş sayılan şəxslər də daxildir. Yaralılarla birlikdə isə ümumi itkilərin 2 milyonu ötdüyü bildirilir.
Bütün bu itkilər Rusiyanı hara aparır?
Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Əli Mustafa baki-xeber.com-a açıqlamasında bildirdi ki, müharibə ən böyük itkilərə, fəlakətlərə yol açan bir hadisədir: “Müharibədə Rusiyanın canlı itkisinin böyük olması barədə məlumatlar kifayət qədər ciddidir. Çünki həmin məlumatlar müxtəlif vasitələrlə yoxlanılır. Hardasa 2000 kilometr olan cəbhə xəttində artıq 5 ildir şiddətli döyüşlər gedir. Həddən ziyadə böyük miqyasda ağır sursatlardan istifadə edilir. O baxımdan güman edirəm ki, Rusiyanın əsgəri itkiləri yayılan rəqəmlərdən qat-qat böyükdür. Hər ay 30-35 min canlı qüvvə itirən Rusiya nə qədər gizlətsə də, yüz minlərlə itkisini etiraf etməyə məcburdur. Ukrayna tərəfinin yaydığı məlumata görə, Rusiyanın itkiləri 1 milyon 600 min nəfə ətrafındadır. Düzdür, Ukrayna qarşı tərəf olduğu üçün bu statistikanın mötəbərliyinə şübhə edənlər var. Ancaq bütün hallarda Rusiyanın böyük itkilər verməsi danılmaz həqiqətdir və bu, sonsuza qədər davam edə bilməz. Çünki Rusiyanın nə insan resursları, nə də digər imkanları tükənməz deyil. Ən önəmli məqam odur ki, Rusiya ərazisinə görə çox böyük ölkə olsa da demoqrafik göstəriciləri çox bərbaddır. Rus millətinin sayı təbii olaraq artmır, əksinə azalır. Müharibə başlayandan sonra sözügedən vəziyyət daha da pisləşib. Elə vəziyyət yaranıb ki, Rusiya artıq böyük itkilər hesabına irəliləyə bilmir. Ukrayna ordusu bəzi ərazilərdə lokal əməliyyatlar keçirərək müəyyən əraziləri azad dib. Rusiyanın neft emalı zavodları davamlı olaraq vurulur. Ona görə də bu müharibənin davam etdirilməsinin Rusiya üçün heç bir nəticəsi yoxdur. Nə hərbi, nə də siyasi. Bəli, Ukraynada böyük itkilər verir. Ancaq nəzərə almaq lazımdır ki, Ukrayna müdafiə olunan tərəfdir. Onlar savaşmağa məcburdurlar. Çünki geri çəkilsələr ölkəni itirəcəklər. Rusiya nə qədər böyük imkanlara malik olsa da uzun müddət müharibəni davam etdirə bilməyəcək”.
Vidadi ORDAHALLI