Afsəddin Nəbiyev: “Moskva Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəkir”
“TRIPP layihəsi Cənubi Qafqazda yeni ayırıcı xəttə çevrilməməlidir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova layihə ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva “Tramp marşrutu”nun yalnız Rusiyanın və İranın maraqları nəzərə alınmaqla həyata keçirilməsinin mümkün olduğunu düşünür: “Əks halda, layihəni qaçılmaz uğursuzluq gözləyir”.
Zaxarova Ermənistan-Amerika təşəbbüsünün detalları ilə bağlı da hələlik aydınlığın olmadığını vurğulayıb. Belə ki, tikintinin müddəti və parametrləri, eləcə də infrastrukturdan və logistika imkanlarından istifadə şərtləri məlum deyil.
Bir sözlə, Zaxarova Zəngəzur dəhlizinə qarşı çox net danışaraq bəyan edir ki, Rusiyanın, İranın mənafeləri nəzərə alınmasa dəhliz baş tutmayacaq. Zaxarovada bu əminlik haradandır?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Zaxarovanın TRIPP – "Tramp marşrutu" layihəsi barədə fikirləri bir daha göstərir ki, Moskva Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəkir: “Rusiya rəsmiləri layihənin guya Moskva və Tehranın razılığı olmadan həyata keçirilə bilməyəcəyini deyirlər. Bu, hüquqi arqument deyil. Bu, itirilən təsir imkanlarını saxlamaq cəhdidir. Cənubi Qafqaz Rusiyanın "arxa bağçası" deyil və heç bir dövlətin müstəsna təsir zonası sayıla bilməz. Regionun gələcəyini burada yaşayan suveren dövlətlər, onların maraqları və beynəlxalq hüquq müəyyən edir. Kənar qüvvə öz maraqlarını başqalarının suveren qərarlarına şərt kimi təqdim edə bilməz. Bu məntiq imperiya dövrünün qalığıdır. Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması və davamlı sülh Kremlin siyasi ambisiyalarına uyğun gəlib-gəlməməsindən asılı deyil. İllərlə regionda gərginliyi "idarə etməklə" öz mövqeyini qoruyan Rusiya indi sülh və əməkdaşlıq perspektivinə də eyni şübhə ilə yanaşır. Əgər layihə iqtisadi fayda və yeni imkanlar vəd edirsə, ona mane olmaq yox, qoşulmaq daha ağıllı addım olardı. TRIPP sadəcə nəqliyyat marşrutu deyil. TRIPP Cənubi Qafqazı onilliklər boyu davam edən qarşıdurma və təcriddən çıxarıb əməkdaşlıq və iqtisadi inteqrasiya məkanına çevirmək baxımından strateji təşəbbüsdür. Azərbaycan, ABŞ və Ermənistan arasında formalaşan bu format düzgün icra olunarsa, etimadı möhkəmləndirə və yeni iqtisadi imkanlar yarada bilər. Söhbət təkcə iki ölkədən getmir. Marşrut Orta Dəhlizin imkanlarını genişləndirir, Şərqlə Qərb arasında daha etibarlı ticarət və nəqliyyat əlaqələrini təmin edir. Yeni investisiyalar və artan tranzit bütün regionun inkişafına təkan verəcək”.
Sədr müavini onu da qeyd etdi ki, Moskva və Tehran yeni kommunikasiyaların kiminsə əleyhinə qurulmadığını başa düşməlidir: “Bu, dəyişən dünyanın iqtisadi və siyasi reallığıdır. Rusiyanın təhdid və təzyiq dili, "bizsiz heç nə olmaz" yanaşması isə artıq nə regionda, nə də dünyada əvvəlki təsiri yaratmır. Sabitlik və əməkdaşlıq bütün qonşuların maraqlarına xidmət edir. Bunu qəbul etməyənlər isə öz təcrid yollarını özləri seçmiş olurlar. Cənubi Qafqazın gələcəyi keçmişin geosiyasi qəlibləri ilə müəyyən etmək mümkün deyil. Yolun təməli yeni reallıqlar, suveren qərarlar və qarşılıqlı faydalı əməkdaşlıq əsasında qurulmalıdır. Çünki yolların açılması kiminsə mövqeyinin zəifləməsi deyil, xalqların gələcəyə doğru yeni yol qazanması deməkdir”.
Vidadi ORDAHALLI