Qulamhüseyn Əlibəyli: “Yüz minlərlə insanın ölümünə məsuliyyət daşıyan şəxsi “siyasətin qrossmeysteri” adlandırmaq...”
ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putini tarixi şəxsiyyət kimi xarakterizə edib. Kuşner Putinin siyasi fəaliyyətini qiymətləndirərkən onunla razılaşmağın və ya razılaşmamağın mümkün olduğunu, lakin Rusiya liderinin siyasətdə xüsusi məharətə malik olduğunu bildirib:
“Onun etdiklərini bəyənmək də, rədd etmək də olar, amma o, şübhəsiz ki, siyasətin qrossmeysteridir. O, tarixi şəxsiyyətdir”.
Bundan başqa Kuşner bildirib ki, guya Rusiya Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahına edilən hücum Rusiya və Ukrayna arasındakı danışıqları geri salıb. Onun sözlərinə görə, Vaşinqton 2025-ci ilin noyabr ayında sülh nizamlanması istiqamətində irəliləyiş əldə etməyə başlamışdı. Lakin dekabrın sonunda Ukraynanın Novqorod vilayətində Vladimir Putinin iqamətgahına hücum cəhdi danışıqlar prosesinə mənfi təsir göstərib. Həmçinin qeyd edib ki, Ukrayna böhranı Avropa ilə Rusiya arasında vasitəçilik (proksi) müharibəsinə çevrilib.
Bu, nə sarsaq, məntiqsiz açıqlamalardır? Bütün bunlarla Kuşner nə demək istəyir? Məgər o, bilmir ki, Putinin iqamətgahının vurulması tamamilə saxta və qurama idi? Çünki bununla bağlı ortaya heç bir sübut qoyulmadı.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Kuşnerin Putin haqqında dediyi fikirlərə adi diplomatik nəzakət ifadəsi kimi yox, bütövlükdə Tramp administrasiyasının Rusiya–Ukrayna müharibəsinə münasibəti və Putinə olan heyranlığı kontekstində baxmaq lazımdır: “Kuşner Rusiya prezidentini “siyasətin qrossmeysteri” və “tarixi şəxsiyyət” adlandırdı. Ardınca da Ukrayna ilə Rusiya arasındakı danışıqların pozulmasında Kiyevi günahlandırdı. Bunun səbəbi kimi isə Valdaydakı iqamətgaha guya edilmiş hücumu göstərdi. Bu iki fikir yan-yana qoyulanda mənzərə aydın görünür: Vaşinqton rəsmisi tərəfsiz vasitəçi kimi yox, tərəflərdən birinin arqumentlərini təkrarlayan adam kimi danışır. Düzdür, Kuşner bir qədər ehtiyatlı davranaraq deyir ki, Putinin etdiklərini bəyənmək də, rədd etmək də olar. Ancaq onun söylədiyi fikrin ağırlığı və əsas mahiyyəti sonra gəlir. Dörd ilə yaxındır qonşu ölkəyə qarşı müharibə aparan, yüz minlərlə insanın ölümünə məsuliyyət daşıyan şəxsi “siyasətin qrossmeysteri” adlandırmaq vasitəçilik etmək iddiasında olan dövlətin rəsmisi üçün siyasi neytrallıq sayıla bilməz. Əslində bu, rəsmi Kremlin Putin haqqında yaratmaq istədiyi imicdir: guya hər gedişi hesablanmış, uzaqgörən, şahmat taxtasında manevr edən strateq. Kuşner də bunu Amerika siyasətinin ən yüksək mərtəbəsindən təsdiqləyir”.
Q. Əlibəylinin fikrincə, Kuşnerin açıqlamasını danışıqlar prosesində taktiki gediş kimi də yozmaq olar: “Guya qarşı tərəfi yumşaltmaq üçün tərifdən istifadə olunur. Ola bilər. Lakin tərifləmək hələ Rusiya tərəfinin özünə yaratmaq istədiyi imici olduğu kimi qəbul edib təkrarlamaq demək deyil. Kuşnerin açıqlamasında narahatlıq doğuran da elə bu ikincisidir. Kuşnerin sözlərinə görə, Vaşinqton 2025-ci ilin noyabrında sülh istiqamətində irəliləyiş əldə etməyə başlamışdı, lakin dekabrın sonunda Novqorod vilayətindəki iqamətgaha “hücum cəhdi” prosesi pozdu. Xatırladaq ki, 2025-ci ilin dekabr ayının sonunda Moskva iddia etdi ki, Ukrayna onlarla dronla Putinin Valdaydakı iqamətgahını vurmağa cəhd edib. Bu iddianı Putin Trampla telefon danışığında şəxsən səsləndirdi. Tramp da əvvəlcə qəzəbləndiyini bildirdi. Amma bir neçə gün sonra Amerika mətbuatı yazdı ki, MKİ-nin qiymətləndirməsinə görə, Ukrayna iqamətgahı hədəf almayıb: Kiyevin hədəfi həmin vilayətdəki tamamilə başqa bir hərbi obyekt olub. MKİ-nin direktoru bu barədə Trampa şəxsən məruzə edib. Ardınca Tramp özü də Rusiyanı sülh yolunda əsas maneə kimi göstərən redaksiya yazısını paylaşdı. Bu məsələ ilə əlaqədar əvvəlcə heç bir sübut təqdim etməyən rəsmi Kreml sonradan isə ümumiyyətlə sübut təqdim etməyə borclu olmadığını bəyan etdi. Daha sonra nümayiş olunan xəritələr və dron qalıqları müstəqil ekspertləri inandıra bilmədi. Açıq mənbələrə əsaslanan təhlil mərkəzləri də Rusiya versiyasını təsdiqləyən heç nə tapmadı. Belə çıxır ki, Kuşner öz hökumətinin kəşfiyyat qurumunun gəldiyi nəticəni, öz qayınatasının sonradan tutduğu mövqeyi bir kənara qoyur. Əvəzində Kremlin heç vaxt sübut etmədiyi versiyasını danışıqların pozulmasının səbəbi kimi təqdim edir. Bunun yalnız iki izahı ola bilər: Kuşner ya faktlardan xəbərsizdir, ya da onları bilə-bilə başqa bir siyasi məqsədə xidmət edən təhrifə yol verir. Tutduğu vəzifəni nəzərə alsaq, Kuşnerin faktlardan xəbərsizliyi inandırıcı görünmür.
Deməli, ikinci variant daha real görünür və belə yanaşmanın səbəbləri müxtəlif ola bilər. İlk növbədə, Vaşinqtonun vasitəçilik və sülh missiyası uğursuzluqla üzləşdi və gözlənilən nəticəni vermədi. Bu uğursuzluğun səbəbini Putinin – Trampın da az qala razılaşdığı – sərt şərtlərində görmək ABŞ-dan Rusiyaya təzyiqi artırmağı tələb edərdi. Bu baxımdan uğursuzluğun səbəbini Kiyevin “təxribatı” ilə izah etmək və təzyiqi zəif tərəfə yönəltmək daha rahatdır. Bu, həm də Tramp administrasiyasının fəaliyyətə başladığı vaxtdan etibarən tutduğu xəttə – Ukraynanı ərazi itkiləri ilə barışmağa məcbur etməklə müharibəni dayandırmaq strategiyasına uyğundur”.
Q. Əlibəyli onu da qeyd etdi ki, Kuşnerin Rusiyanın Ukraynaya təcavüzünü “Avropa ilə Rusiya arasında proksi müharibə” adlandırması da təsadüfi deyil: “Bu, uzun müddətdir Kremlin təbliğatında səslənən əsas tezislərdən biridir: guya müharibə Ukraynanın öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsi deyil, Qərbin Rusiyaya qarşı apardığı vasitəli savaşdır. Bu tezis Ukraynanı subyekt olmaqdan çıxarır, onu başqalarının alətinə çevirir. Eyni zamanda Vaşinqtonu da kənara çəkir: guya bu, Amerikanın deyil, Avropanın müharibəsidir. Deməli, Avropa ya güzəştə getməli, ya da müharibənin ağırlığını təkbaşına çəkməlidir. Bir məsələni də təkrar xatırlamaq yerinə düşərdi. Rusiya–Ukrayna müharibəsində bütövlükdə Tramp administrasiyasının, xüsusən də ABŞ prezidentinin nümayəndəsi kimi Kuşnerin rolu əvvəldən suallar doğurub. 2025-ci ilin payızında ortaya çıxan sülh planının əksər müddəalarının Putinin yaxın adamı, sanksiyalar altında olan Kirill Dmitriyevin hazırladığı mətnlərlə üst-üstə düşməsi Qərb mətbuatında geniş müzakirə olunub. Kuşnerin bəhs etdiyi “noyabr irəliləyişi” də məhz həmin plandır. Yəni söhbət Moskvanın tələblərinə uyğun gələn bir sənəddən gedir. Kiyev və Avropa paytaxtları bu sənədə etiraz edəndən sonra proses ləngidi. Bu ləngimənin səbəbini Valday “hücumunda” axtarmaq hadisələrin real ardıcıllığını təhrif etməkdir.
Və nəhayət, ABŞ prezidenti Tramp da, onun kürəkəni və nümayəndəsi Kuşner də diplomatdan çox biznes adamlarıdır; onların dünyagörüşündə müharibə də, sülh də bir sövdələşmədir. Sövdələşmədə isə əsas olan hüquq və ədalət yox, güc balansıdır. Bu məntiqə görə, güclü tərəflə razılaşmaq lazımdır, zəif tərəf isə güzəştə getməlidir. “Qrossmeyster” tərifi də, Valday hekayəsi də, “proksi müharibə” ifadəsi də bu məntiqin müxtəlif tərəflərini ifadə edir: Putin güclü oyunçu, Ukrayna prosesi pozan tərəf, Avropa isə müharibəni uzadan qüvvə kimi təqdim olunur. Bu yanaşmanın əsas təhlükəsi ondadır ki, beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı və təcavüzə qarşı prinsipial mövqe kimi dəyərləri ikinci plana keçirir. Belə presedent təkcə Ukrayna üçün deyil, bütün postsovet məkanı, o cümlədən Güney Qafqaz üçün də narahatlıq doğurmalıdır. Güc yolu ilə yaradılmış işğal faktlarının “sövdələşmə” adı ilə leqallaşdırılması heç bir regiona davamlı sülh gətirməyib və gətirməyəcək də.
Beləliklə, Kuşnerin açıqlamalarının görünən məntiqi ABŞ-ın və Trampın vasitəçilik və sülh missiyasının uğursuzluğunun məsuliyyətini rəsmi Moskvanın üzərindən götürüb Kiyevin və Avropanın üzərinə qoymaq cəhdindən ibarətdir. Əsas problem ondadır ki, bu məntiq faktlara deyil, Kremlin təqdim etdiyi və heç vaxt sübuta yetirmədiyi versiyaya söykənir. Vasitəçi olmaq istəyən tərəf münaqişə tərəflərindən birinin mövqeyini hazır həqiqət kimi qəbul edəndə vasitəçilik mənasını itirir. Putin “tarixi şəxsiyyət” ola bilər. Amma tarix şəxsiyyətləri kiminsə tərifinə görə deyil, əməllərinə görə qiymətləndirir. Valday əhvalatı da həmin tarixdə, böyük ehtimalla, sübutsuz iddiaların danışıqlarda necə alətə çevrildiyinin pis nümunəsi kimi qalacaq”.
Vidadi ORDAHALLI