Ceyhun Məmmədov: “Fəxri adların verilməsi səlahiyyətinin də mərkəzləşdirilməsi məqsədəuyğun olardı”
Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən aylıq təqaüdün məbləğini Nazirlər Kabineti müəyyən edəcək, ödənişləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Bu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarında əksini tapıb.
Azərbaycan vahid dövlətdirsə, dövlət fəxri adların verilməsi də mərkəzləşdirilmiş qaydada olmalıdır.
Ekspertlər hesab edirlər ki, bu məsələni hüquqi və dövlət idarəçiliyi baxımından müzakirəyə çıxarmaq mümkündür. Azərbaycan vahid dövlətdirsə, Naxçıvan Muxtar Respublikası səviyyəsində verilən fəxri adların da vahid mərkəzdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilməsi daha məntiqli olmazmı? Keçmişdən qalan bu ənənəni ləğv edib fəxri adların verilməsini mərkəzləşdirmək və bütün təltiflərin rəsmi Bakıdan həyata keçirilməsi daha doğru olardı. Axı Naxçıvan ayrıca dövlət deyil, muxtar respublikadır və onun öz prezidenti yoxdur. Fəxri ad vermək birbaşa Azərbaycan Prezidentinin səlahiyyətinə daxil olan məsələdir. Əgər keçmişdə belə bir təcrübə olubsa belə, bunun artıq keçmişdə qalması daha məqsədəuyğundur. Hesab edirik ki, Naxçıvanda fəxri adların verilməsi praktikası ləğv edilməli və bu səlahiyyət yalnız ölkə başçısının sərəncamı ilə icra olunmalıdır.
Ekspertlərə görə, bu, xüsusilə dövlətçilikdə vahidlik, təltifetmə sisteminin mərkəzləşdirilməsi və fəxri adların nüfuzu baxımından ciddi müzakirə mövzusudur.
Ekspertlər qeyd edirlər ki, lakin burada bir mühüm hüquqi məqam var. Azərbaycan Konstitusiyasının 134-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir və ayrıca müstəqil dövlət deyil. Bununla yanaşı, muxtariyyətin özünəməxsus hüquqi səlahiyyətləri mövcuddur.
Maraqlıdır ki, Naxçıvanın fəxri adları institutu 1999-cu ildən mövcuddur. Həmin qaydalara əsasən, fəxri adları Ali Məclisin sədri verirdi. 2026-cı ildə isə bu sahədə yeni qanunvericilik dəyişiklikləri də qəbul edilib.
Vahid təltifetmə siyasəti:
Azərbaycanın bütün bölgələrində çalışan insanların xidmətləri vahid dövlət meyarları əsasında qiymətləndirilməlidir.
Fəxri adların nüfuzu:
Eyni və ya oxşar peşə adlarının müxtəlif idarəetmə səviyyələrində verilməsi təltifetmə sistemində fərqlilik yarada bilər.
Mərkəzləşdirilmiş idarəçilik:
Naxçıvanda çalışan şəxslər də Azərbaycanın ümumi dövlət təltifləri sisteminə təqdim edilə bilər.
Ekspertlərə görə, bununla belə, bir fərqi nəzərə almaq lazımdır: Naxçıvanın öz fəxri adlarının olması onun müstəqil dövlət olması demək deyil. Bu, muxtariyyətin hüquqi səlahiyyətləri ilə bağlıdır. Ona görə də həmin sistemin ləğvi üçün müvafiq qanunvericilik dəyişiklikləri tələb olunur.
Ekspertlər hesab edirlər ki, artıq Naxçıvanda ayrıca fəxri adların verilməsi ənənəsinə yenidən baxılmasının vaxtıdır. Azərbaycan vahid dövlətdir və onun bütün ərazilərində yaşayan və çalışan vətəndaşlar vahid dövlət təltifetmə sistemi çərçivəsində qiymətləndirilməlidir. Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidirsə, burada çalışan müəllimin, həkimin, jurnalistin, mədəniyyət və incəsənət xadiminin əməyini də ölkənin digər bölgələrində olduğu kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən fəxri adlarla qiymətləndirmək mümkündür.
Keçmişdən miras qalmış idarəçilik ənənələrinin qorunması özlüyündə məqsəd ola bilməz. Dövlət idarəçiliyi zamanın tələblərinə uyğun təkmilləşdirilməlidir. Naxçıvanın ayrıca fəxri adlar sisteminin saxlanılması zəruridirmi, yoxsa bu səlahiyyət bütövlükdə mərkəzləşdirilməlidir? Bu suala hüquqi və institusional baxımdan yenidən baxılmalıdır.
Əsas məsələ Naxçıvanın muxtariyyətinə qarşı çıxmaq deyil, Azərbaycanın vahid dövlət təltifetmə sisteminin formalaşdırılmasıdır.
Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a bildirdi ki, bu gün idarəetmə dəyişib və artıq xüsusi nümayəndəliklər var, bu istiqamətdə ölkə başçısının müvafiq təlimatları və tövsiyyələri mövcuddur: “ Hesab edirəm ki, bu gün ölkədə idarəetmə sistemində aparılan dəyişiklikləri, səlahiyyətlərin və qərarvermə mexanizmlərinin yenidən tənzimlənməsini nəzərə alaraq, fəxri adların verilməsi məsələsinə də yenidən baxılmalıdır. Artıq bir çox sahələrdə mərkəzləşdirilmiş idarəetmə istiqamətində mühüm addımlar atılır, cənab Prezident tərəfindən müvafiq tapşırıq və göstərişlər verilir.
Bu baxımdan fəxri adların verilməsi səlahiyyətinin də mərkəzləşdirilməsi məqsədəuyğun olardı. Düşünürəm ki, dövlət səviyyəsində verilən fəxri adlar vahid yanaşma əsasında müəyyənləşdirilməli və bu səlahiyyət bilavasitə cənab Prezidentin müstəsna səlahiyyətində olmalıdır”.
C.Məmmədov qeyd etdi ki, məsələyə yanaşarkən dövlət idarəçiliyində vahidlik, institusional bütövlük və fəxri adların nüfuzunun qorunması prinsiplərini əsas götürməliyik. “Bu adlar hər hansı regional və ya yerli idarəetmə subyektinin deyil, bütövlükdə dövlətin adından verilən təltiflər kimi qəbul olunmalıdır.
Ona görə də hesab edirəm ki, fəxri adların verilməsi mexanizminin mərkəzləşdirilməsi, bu sahədə vahid dövlət siyasətinin formalaşdırılması daha doğru yanaşma olardı. Bu, həm də məsələyə daha həssas və məsuliyyətli münasibət tələb edir. Çünki söhbət dövlət nüfuzunu, ictimai etimadı və insanların əməyinə verilən ali qiyməti ifadə edən bir institutdan gedir.
Hesab edirəm, biz bu məsələsə daha həssas və daha diqqətli yanaşmalıyıq. Bir daha deyirəm, bu məsələ cənab Prezidentin birbaşa səlahiyyətində olan bir məsələdir. Ona görə buna mütləq bu prizmadan yanaşmalıyıq”-deyə millət vəkili vurğuladı.
İradə SARIYEVA