ABŞ Prezidenti Donald Trampın administrasiyasında çalışan bir sıra yüksək vəzifəli şəxslər təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Vaşinqtondakı qapalı hərbi yaşayış komplekslərinə köçüblər. CNN-in məlumatına görə, administrasiyanın təxminən altı nümayəndəsi hazırda gücləndirilmiş mühafizə olunan, kənar şəxslərin girişinin məhdudlaşdırıldığı hərbi obyektlərdə yaşayır.
Hərbi bazalara köçənlər arasında müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və baş prokuror Todd Blanş da var. Bu yaşayış kompleksləri əsasən yüksək rütbəli hərbçilər üçün nəzərdə tutulub. Binaların bir çoxu yüz ildən artıq tarixə malikdir və əvvəlki administrasiyalar dövründə mülki dövlət rəsmilərinin burada məskunlaşması nadir hal sayılırdı.
Lakin ABŞ-da siyasətçilərə qarşı təhdidlərin artması bu tendensiyanı dəyişib. Maliyyə naziri Skott Bessent bildirib ki, İrandan gələn təhdidlər səbəbindən Vaşinqtonun Corctaun rayonundakı malikanəsini tərk etmək məcburiyyətində qalıb. Bessent Tehrana qarşı iqtisadi təzyiq kampaniyasında, o cümlədən genişmiqyaslı sanksiyaların tətbiqində iştirak edir. Baş prokuror Todd Blanş da təhlükəsizlik narahatlıqlarına görə hərbi bazaya köçüb.
Ağ Evin aparat rəhbəri Stiven Miller və həyat yoldaşı Keti isə ötən il Virciniyadakı evlərinin qarşısında etiraz aksiyası keçirilməsindən sonra hərbi yaşayış kompleksində məskunlaşıblar. Aksiya zamanı yayılan vərəqələrdə onların ev ünvanının göstərildiyi bildirilir. Administrasiya cütlüyün mütəşəkkil təqib, şəxsi məlumatların yayılması və təhdidlərlə üzləşdiyini açıqlayıb.
Bununla belə, qapalı hərbi komplekslərdə yaşamaq təhlükəsizlik üstünlükləri ilə yanaşı, mübahisələrə də səbəb olur. Ekspertlərin fikrincə, yüksək vəzifəli məmurların adi yaşayış mühitindən uzaq, mühafizə olunan ərazilərdə məskunlaşması onların cəmiyyətlə gündəlik təmasını azalda bilər.
Amerika Universitetinin Konqres və prezident hakimiyyəti üzrə Araşdırmalar Mərkəzinin direktoru Tomas Kan hesab edir ki, belə yaşayış şəraiti dövlət rəsmilərinin cəmiyyətdən daha da təcrid olunmasına gətirib çıxara bilər.
Məsələnin maliyyə tərəfi də diqqət çəkir. Belə yaşayış sahələri üçün məmurlar, adətən, ayda 4 500 dollardan çox kirayə haqqı ödəyirlər. Bununla yanaşı, ötən il Pit Heqset ordunun Fort Makneyrdəki evinin təmiri və modernləşdirilməsi üçün 137 297 dollar xərcləməyi planlaşdırdığı barədə məlumatlardan sonra tənqid olunmuşdu.
Mövcud qaydalara əsasən, bəzi yüksək vəzifəli dövlət rəsmiləri hərbi yaşayış komplekslərində dördulduzlu generallar və admiralların ödədiyi məbləğdən cəmi 5 faiz artıq kirayə haqqı ödəməklə qala bilərlər. Bu mexanizm 2008-ci ildə qanunvericiliyə edilən dəyişikliklərdən sonra tətbiq olunmağa başlayıb. Pentaqon həmin vaxt belə yerləşdirmənin dövlət büdcəsinə qənaət etməyə imkan verdiyini bildirmişdi. Çünki ayrıca şəxsi mühafizə sistemi yaratmaq əvəzinə, hərbi obyektlərin mövcud təhlükəsizlik infrastrukturundan istifadə olunur.
Bununla belə, hərbi yaşayış fondunun məhdudluğu səbəbindən bu praktika əvvəllər də narahatlıq doğurub. 2018-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri o vaxtkı dövlət katibi Mayk Pompeonun hərbi yaşayış sahəsi ilə bağlı müraciətini hüquqi, maliyyə və etik baxımdan problemli hesab etmişdi. Buna baxmayaraq, Pompeo sonradan Virciniyadakı hərbi bazada məskunlaşmışdı.
Ekspertlər hesab edirlər ki, xarici dövlətlərdən gələn təhdidlər və ABŞ daxilində siyasi zorakılıq halları fonunda bu tendensiya gələcək administrasiyalarda da davam edə bilər. Beləliklə, yüksək vəzifəli məmurların təhlükəsizliyinin təmin edilməsi ilə onların cəmiyyətlə yaxınlığının qorunması məsələsi yenidən müzakirə mövzusuna çevrilir.
Tahir TAĞIYEV