İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Şəhram İrani Hörmüz boğazının bağlı saxlanılacağını və bu barədə qərarın İslam Respublikasının ali rəhbəri tərəfindən verildiyini bildirib.
“Mehr” agentliyinin məlumatına görə, admiral bu barədə Tehranda cümə namazından əvvəl çıxışı zamanı danışıb. O, İran hərbçilərinin ABŞ qüvvələri tərəfindən ələ keçirildiyi bildirilən iki tankerin nəzarətini yenidən ələ keçirdiyini iddia edib.
İranlı komandanın sözlərinə görə, əməliyyat 40 gün davam etdiyi bildirilən son müharibə zamanı həyata keçirilib. İrani bildirib ki, İran hərbçiləri tankerləri və onların üzərindəki avadanlıqları geri qaytarıblar. Onun iddiasına əsasən, gəmilərdə olan ABŞ hərbçiləri əməliyyat zamanı yuxuda olarkən yaxalanıblar.
Admiral müharibənin ilk günü İranın ABŞ-ın “USS Abraham Lincoln” aviadaşıyıcısına raket atdığını da iddia edib. Onun sözlərinə görə, raket hədəfə çataraq gəmiyə zərbə endirib.
İrani ABŞ-ı Hörmüz boğazında gəmiçiliyə nəzarəti ələ keçirməyə və gəmilərin təhlükəsiz keçidi müqabilində sahiblərindən milyonlarla dollar tələb etməyə çalışmaqda ittiham edib. O bildirib ki, ABŞ tərəfi gəmilər hücuma məruz qaldıqda məsuliyyət daşımır və ödənilən vəsaitləri geri qaytarmır.
Komandanın iddiasına görə, ABŞ boğazdan ən azı bir gəminin keçidini təmin etmək məqsədilə bölgədə həm pilotlu, həm də pilotsuz aviasiyadan, eləcə də hərbi-dəniz qüvvələrindən istifadə edib. İrani bu addımları beynəlxalq normalara və dəniz nəqliyyatı prinsiplərinə zidd adlandırıb.
“Bütün bu səylər nəticəsiz qalacaq. Əmr Hörmüz boğazının bağlı saxlanılmasıdır”, – deyə İranlı admiral vurğulayıb.
O, həmçinin İranın gələcəkdə ABŞ qüvvələrinin yalnız Fars körfəzindən deyil, bütövlükdə Qərbi Asiya regionundan çıxarılmasına nail olacağını iddia edib.
Qeyd edək ki, tankerlərin geri qaytarılması və ABŞ aviadaşıyıcısının vurulması ilə bağlı açıqlamalar İran hərbi rəsmisinin iddialarıdır.
Tahir TAĞIYEV