Rusiyanın xarici işlər nazirinin müavini Georgi Borisenko bildirib ki, Yaxın Şərq ölkələri Rusiyanın təklif etdiyi regional kollektiv təhlükəsizlik konsepsiyasının yenilənmiş variantını nəzərdən keçirməyə hazırdır. Onun sözlərinə görə, konsepsiya təhlükəsizliyin təmin olunması ilə bağlı əsas məsuliyyətin Yaxın Şərqin sahilboyu dövlətlərinin öz üzərinə düşdüyünü və onların bu məsuliyyəti bir-birinin maraqlarını nəzərə almaqla həyata keçirməli olduqlarını nəzərdə tutur. Rusiya Diplomatları Assosiasiyasının sədr müavini və İqtisadiyyat Ali Məktəbinin professoru Andrey Baklanov "Vestnik Kavkaza"nın müxbirinə bildirub ki, Rusiyanın bu təklifləri əhəmiyyətli dərəcədə ərəb ölkələri ilə birgə işin nəticəsidir. Onun sözlərinə görə, Yaxın Şərq dövlətlərinin təhlükəsizlik ehtiyaclarını və bu ehtiyacların qarşılanması üçün zəruri olan praktiki vəzifələri müəyyən etmək məqsədilə həm Rusiyadan, həm də region ölkələrindən mütəxəssislərin və müvafiq nazirliklərin iştirakı ilə genişmiqyaslı işlər görülüb.
Eyni zamanda o deyib ki, bu, Rusiyanın Yaxın Şərqdə, xüsusilə də Fars körfəzində vəziyyətin sabitləşdirilməsinə yönəlmiş təkliflərinin ilk variantı deyil: “Əvvəlki hallarda olduğu kimi, bu yeni versiya da çox diqqətlə işlənib hazırlanıb və ərəb dövlətlərinin öz mövqeləri ilə yüksək dərəcədə uzlaşmanı, həmçinin bu mövqelərin nəzərə alınmasını əks etdirir".
SAMİRƏ