Son illər paytaxtda "yenilənmə" adı altında aparılan söküntülər Bakının tarixi simasını və mədəni yaddaşını silmək təhlükəsi yaradır. Bəs dünya şəhərsalma təcrübəsi bizə nə deyir?
Şəhər təkcə daş, beton və müasir kommunikasiya xətlərindən ibarət mexaniki bir məkan deyil; o, bir xalqın daşlaşmış yaddaşı, estetik zövqünün və mədəni kimliyinin daşıyıcısıdır. Təəssüf ki, son illərdə paytaxtımız Bakıda "şəhərin yenilənməsi" və "inkişaf" şüarları altında XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid tarixi binaların sökülməsi, yerində isə miqyassız, mühitə yad çoxmərtəbəli binaların ucaldılması ciddi narahatlıq doğurur. Tarixi mühitin məhv edilməsi cəmiyyəti öz keçmişindən, mədəni köklərindən qoparmaq deməkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində birmənalı şəkildə təsbit olunub:"Tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur." Qanunun bu ali tələbinə baxmayaraq, şəhərin tarixi mərkəzində söküntülərin davam etməsi, ən acınacaqlısı isə peşəkar qurumların — o cümlədən Azərbaycan Memarlar İttifaqının bəzi nümayəndələrinin bu prosesə haqq qazandırması təəssüf doğurur. Həmin tikililərin guya "birtipli layihə" əsasında inşa edildiyini iddia etmək memarlıq tarixinə və peşə etikasına ziddir.
Bakının neft bumu dövründə formalaşan bu memarlıq nümunələrinin hər biri dövrün görkəmli memarları tərəfindən fərdi layihələr əsasında inşa edilib. Onların fasadlarında Klassisizm, Qotika, Barokko, Rokoko, İntibah (Renessans) və Şərq-milli memarlıq üslublarının unikal sintezi əks olunub. Bu binaların heç biri digərini təkrarlamır; hər biri özünəməxsus tektonik quruluşa, daş oyma sənətinə və şəhər siluetində əvəzolunmaz yerə malikdir. İndi sual olunur: İnkişaf üçün mərkəzi dağıtmağa ehtiyac varmı? Əlbəttə yox! Ona görə də, müasir memarlıq nümunələri yaratmaq və şəhəri genişləndirmək üçün Bakının mərkəzindəki tarixi toxumanı dağıtmağa heç bir zərurət yoxdur. Paytaxtın ətrafında, Alatava, Yasamalın köhnə məhəllələri və digər ərazilərdə şəhərsalma standartlarına cavab verməyən, plansız salınmış çoxsaylı gecəqondu tipli tikililər mövcuddur. Yeni yaşayış komplekslərini, müasir göydələnləri məhz həmin ərazilərin abadlaşdırılması hesabına inşa etmək həm sosial, həm də memarlıq baxımından ən doğru yoldur. Yeni memarlıq qədim abidələrin yerində və ya onların nəfəsini kəsəcək dərəcədə yaxınlığında deyil, yeni urbanistik zonalarda yaradılmalıdır.
Dünya təcrübəsində tarix və müasirliyin harmoniyası öz həllini tapıb. Bu təcürbədən bəhrələnməyə dəyər. Məsələn, dünyanın qabaqcıl ölkələrinin şəhərsalma təcrübəsi göstərir ki, müasir inkişaf tarixi irsin qorunması ilə tam uzlaşa bilər. Buna konkret nümunə Paris şəhərini göstərmək olar.
Bu şəhərdə, XIX əsrdə Baron Osmanın rəhbərliyi ilə yenidən qurulan tarixi mərkəz bu gün də ciddi mühafizə altındadır. Şəhərin tarixi siluetini və üslub bütövlüyünü pozmamaq üçün bütün göydələnlər və müasir biznes mərkəzləri tarixi mərkəzdən kənarda — xüsusi olaraq salınmış La Défense rayonunda cəmləşdirilib. Digər bir nümunə Praqa (Çexiya) və Vyana (Avstriya) şəhərlərində mövcuddur. Bu şəhərlərdə Qotika, Barokko və Modern üslublu binalar təkcə tək-tük abidələr kimi deyil, bütöv tarixi məhəllələr (ansambllar) şəklində qorunur. Tarixi zonada yeni tikinti aparmaq və ya mövcud binanın mərtəbəliliyini artırmaq qanunla qəti qadağandır. İspaniyanın Barselona şəhərində də abidələrə təqdirəlayiq münasibət var. Belə ki, İldefons Serdanın şəhərsalma planı əsasında formalaşan tarixi Eixample rayonu özünəməxsus memarlıq quruluşunu qoruyub saxlayıb. Şəhərin müasir memarlıq eksperimentləri və hündürmərtəbəli tikililəri isə keçmiş sənaye zonalarının yenidən qurulması hesabına yaradılan yeni rayonlara yönəldilib.
Qardaş Türkiyənin İstanbul şəhərində də örnək olacaq nümunə mövcuddur. Buradakı tarixi yarımadada (Suriçi) aparılan tikinti işləri sərt hündürlük məhdudiyyətlərinə tabedir; müasir göydələnlər və iş mərkəzləri isə Levent və Maslak kimi yeni şəhər zonalarında inşa edilir. Bakı üçün də məhz bu beynəlxalq prinsiplər rəhbər tutulmalıdır. Şəhərin tarixi mərkəzi vahid "qoruq zonası" statusu ilə toxunulmaz elan edilməli, XIX əsr binaları sökülmək əvəzinə elmi-bərpa prinsipləri əsasında restavrasiya olunmalıdır. Bir sözlə, əsl memarlıq tərəqqisi keçmişi silmək üzərində deyil, tarixi irsə hörmət və müasir şəhərsalmanın düzgün ərazi planlaması üzərində qurulur.
Rizvan QARABAĞLI
Memarlıq üzrə fəlsəfə doktoru, dosent