Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Şimali Koreyanın Rusiyaya hərbi dəstəyini müvəqqəti dayandırdığını iddia edib. Qurumun məlumatına görə, bu qərarı Şimali Koreya lideri Kim Çen In şəxsən verib.
Ukrayna kəşfiyyatının açıqlamasında bildirilib ki, Moskva ilə Pxenyan arasında gərginlik oktyabr ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Cənubi və Şimali Koreya münasibətləri ilə bağlı bəyanatından sonra yaranıb. Rudenko gələcəkdə Kremlin Seul və Pxenyan arasında münasibətlərin gərginliyinin azaldılmasına yardım göstərəcəyini bildirib.
Bu açıqlama Şimali Koreyada narazılıqla qarşılanıb. Oktyabrın sonunda ölkənin xarici işlər naziri Çxve Son Hi Rusiyanın mövqeyinin iki ölkə arasındakı müttəfiqlik razılaşmalarının xarakterinə uyğun olmadığını vurğulayıb və Moskvanın Cənubi Koreyaya münasibətdə siyasətinə aydınlıq gətirilməsini tələb edib.
Ukrayna kəşfiyyatının iddiasına əsasən, Pxenyan yaranmış vəziyyətə cavab olaraq Rusiyaya hərbi yardımı müvəqqəti məhdudlaşdırmaq qərarına gəlib. Bu çərçivədə Rusiya hərbi-nəqliyyat təyyarələrinin Şimali Koreyanın hava məkanından istifadəsinə qadağa qoyulub, həmçinin KN-23 ballistik raketlərinin və növbəti artilleriya sursatı partiyasının tədarükü dayandırılıb.
Açıqlamada daha bir məqama diqqət çəkilib. Şimali Koreya Rusiyanın öz ərazisindəki Şimali Koreya hərbi kontingentinin sayını 8,5 mindən 50 min nəfərə çatdırmaqla bağlı müraciətinin icrasını da ləngidir.
Qeyd edək ki, bu məlumatlar Ukrayna kəşfiyyatının açıqlamasına əsaslanır. Moskva və Pxenyanın iddia olunan məhdudiyyətlərlə bağlı mövqeyi təqdim olunan məlumatda yer almayıb.
Tahir TAĞIYEV