Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşən iki Gürcüstan vətəndaşı Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb. Onlardan biri Tbilisidə yaşayan 38 yaşlı azərbaycanəsilli Elşad (İlşat) İsmayılovdur.
Ukrayna mediasının məlumatıa görə, İsmayılov bu il iyunun 25-də Moskvada polis tərəfindən saxlanıldıqdan sonra Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət müqaviləsi imzalayıb. Onun Ukraynaya qarşı döyüşlərə göndərilməsi isə bir neçə ay sonra baş verib.
Ukraynanın hərbi əsirlərin təslim olması ilə bağlı fəaliyyət göstərən “İstəyirəm yaşamaq” layihəsinin noyabrın 26-da yaydığı məlumata əsasən, İsmayılov sentyabrın 28-də başqa bir hərbçi ilə birlikdə hücum əməliyyatına göndərilib.
İsmayılovun danışdıqlarına görə, onun döyüş yoldaşı əməliyyatda iştirak etməmək üçün yolda özünü ayağından yaralayıb. Bundan sonra İsmayılova hərəkəti tək davam etdirmək əmri verilib. O, oktyabrın 5-də göstərilən istiqamətdə irəliləyərkən Ukrayna hərbçilərinə əsir düşüb.
Ukrayna layihəsinin açıqladığı məlumatda daha bir Gürcüstan vətəndaşının – 51 yaşlı Tornike Lipartelianinin də Rusiya ordusunun tərkibində döyüşərkən əsir götürüldüyü bildirilir.
“İstəyirəm yaşamaq” layihəsi Rusiya ordusu ilə müqavilə imzalayan ən azı 191 Gürcüstan vətəndaşının şəxsiyyətini müəyyənləşdirdiyini açıqlayıb.
Layihənin məlumatına əsasən, 2023-cü ildə 11 Gürcüstan vətəndaşı Rusiya ordusu ilə müqavilə bağladığı halda, 2026-cı ilin ilk 10 ayında bu göstərici 71 nəfərə çatıb.
Həmin qurum Ukraynada əsir düşən Rusiya hərbçiləri arasında xarici ölkə vətəndaşlarının payının təxminən 10 faiz olduğunu, ümumilikdə 55 ölkənin vətəndaşlarının bu siyahıda yer aldığını iddia edir.
Gürcüstanın rəsmi qurumları iki vətəndaşın Rusiya ordusunda xidmət edərkən Ukraynaya əsir düşməsi ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Gürcüstan qanunvericiliyinə əsasən, ölkə vətəndaşının dövlət orqanlarının icazəsi olmadan xarici dövlətin hərbi qüvvələrində xidmətə başlaması vətəndaşlığın itirilməsi üçün hüquqi əsas yarada bilər. Xarici silahlı birləşmələrdə iştirakla bağlı qanunvericilikdə də məsuliyyət nəzərdə tutulur.
Tahir TAĞIYEV