İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının cənubunda iki neft tankerinin dəniz minasına düşdüyünü və gəmilərdə yanğın baş verdiyini açıqlayıb.
Bildirilib ki, tankerlər naviqasiya sistemlərini söndürərək qadağan olunmuş ərazidə hərəkət ediblər. Onlardan biri təxminən 2 milyon barel neft daşımaq gücünə malik supertanker olub və Oman sahilləri yaxınlığında, digəri isə Hörmüz boğazının çıxışında minaya düşüb.
İran tərəfi boğazdan keçmək istəyən gəmiləri Silahlı Qüvvələrlə koordinasiya qurmağa və müəyyən edilmiş marşrutlardan istifadə etməyə çağırıb. Xəbərdarlığa əməl etməyən gəmilərin ciddi zərər görə biləcəyi bildirilib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehran martın 2-də Hörmüz boğazını bağlayıb. ABŞ isə aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatının məlumatına görə, müharibənin başlanmasından bəri Hörmüz boğazı və ətrafında 140-dan çox gəmi hücumlara məruz qalıb.
Tahir TAĞIYEV