ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşnerin Rusiya lideri Vladimir Putin haqqında müsbət fikirlər səsləndirməsi Ukraynada və Kiyevin Avropadakı tərəfdaşları arasında ciddi narazılığa səbəb olub. Bir sıra siyasətçilər onun Ukrayna ilə bağlı sülh danışıqlarından kənarlaşdırılmasını tələb edirlər.
“Politico” nəşrinin məlumatına görə, Kuşner Putini “siyasətin qrossmeysteri” adlandırıb. O, Rusiya prezidentinin nüvə silahından istifadə etməməklə təmkin nümayiş etdirdiyini də bildirib.
Kuşner müsahibəsində Rusiya-Ukrayna müharibəsini faktiki olaraq vasitəli müharibə kimi xarakterizə edib. Onun sözlərinə görə, Avropa Ukraynanı maliyyələşdirir və silahlandırır ki, bu ölkə Rusiya ilə qarşıdurmanı davam etdirə bilsin.
ABŞ nümayəndəsi Rusiyanın danışıqlardakı təmsilçisi Kirill Dmitriyevə də müsbət münasibət bildirib və onu “inanılmaz dost” adlandırıb. Bununla yanaşı, Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskini əvvəllər Donald Trampı tənqid etdiyinə görə qınayıb.
Bu fikirlər Ukrayna Ali Radasının Xarici əlaqələr komitəsinin rəhbəri, hakim “Xalqın xidmətçisi” partiyasının üzvü Aleksandr Merejkonun sərt reaksiyasına səbəb olub. O, Kuşnerin açıqlamalarını Ukrayna və ABŞ-ın milli maraqları baxımından son dərəcə təhlükəli hesab edib.
Merejko bildirib ki, uzun müddətdir Kuşnerin və ABŞ-ın digər xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqlar prosesindəki rolunun dəyişdirilməsini müdafiə edir. Onun fikrincə, hər iki nümayəndə Ukraynaya “Putinin gözü ilə” baxır. Deputat Kuşnerin Moskva ilə danışıqlardan kənarlaşdırılmasına çağırıb.
Hakim partiyanın digər deputatı Qalina Yançenko da müharibənin vasitəli qarşıdurma kimi təqdim edilməsini reallığın təhrif olunması adlandırıb. O bildirib ki, bu yanaşma Ukraynanın müstəqil siyasi iradəsini və müharibədəki rolunu kölgədə qoyur. Yançenkonun fikrincə, Kuşner müsahibəsində faktiki olaraq Rusiyanın maraqlarını müdafiə edib.
Kuşnerə qarşı tənqidlər Avropada da səsləndirilib. Almaniya Xristian-Demokrat İttifaqından Bundestaq deputatı Roderiks Kizevetter hesab edir ki, Tramp administrasiyası Ukrayna ilə Rusiya arasında vasitəçilikdə qərəzli mövqe tutur və Kiyevə birtərəfli təzyiq göstərir. Onun fikrincə, hazırkı ABŞ rəhbərliyi Rusiyanın mövqeyinə daha yaxın dayanır.
Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman isə müharibənin vasitəli qarşıdurma kimi təqdim edilməsini “açıq Kremlin təbliğatı” adlandırıb. O bildirib ki, bu cür açıqlamalardan sonra Kuşneri neytral vasitəçi kimi qəbul etmək çətindir.
Yançenko əlavə edib ki, əsas təhlükə ABŞ-ın danışıqlar qrupunun Rusiyanın münasibətlərin yaxşılaşdırılması ilə bağlı bəyanatlarına inanmasıdır. Onun fikrincə, Moskva ilə münasibətlərin istiləşməsi barədə çağırışlar Putinin Vaşinqtonun mövqeyinə təsir göstərmək cəhdinin tərkib hissəsi ola bilər.
Ümumiyyətlə Kuşnerin Rusiya rəhbərliyi və müharibənin xarakteri ilə bağlı açıqlamaları ABŞ-ın danışıqlar komandasının tərkibi və vasitəçilik missiyasının qərəzsizliyi ətrafında yeni müzakirələrə yol açıb.
Tahir TAĞIYEV