Ukrayna Krım körpüsünü tamamilə sıradan çıxarmaq üçün yeni hərbi əməliyyatlara hazırlaşır. Ukrayna hərbi dairələrindəki mənbələrə istinad edən “The Telegraph” nəşrinin məlumatına görə, Prezident Zelenski hərbi komandanlığa Rusiya ilə Krımı birləşdirən körpünün qalan hissəsinin də məhv edilməsi tapşırığını verib.
Məlumata əsasən, noyabrın 18-də Ukrayna qüvvələri pilotsuz uçuş aparatları və qanadlı raketlərdən istifadə etməklə Krım körpüsünə genişmiqyaslı zərbə endirib. 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri ən güclü hücumlardan biri hesab edilən əməliyyat nəticəsində avtomobil yolunun dörd zolaqlı hissəsi və onu saxlayan tağ konstruksiyası Kerç boğazına çöküb.
Bu zərbənin Rusiyanın Krımdakı hərbi qüvvələrini təchiz etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırdığı bildirilir. Ukrayna kəşfiyyatının məlumatına görə, “Neptun” raketləri körpünün gücləndirilmiş dəmir yolu hissəsinə də ciddi ziyan vurub.
Ukrayna hərbi dairələrindəki mənbə nəşrə açıqlamasında bildirib ki, prezident körpünün tamamilə dağıdılmasını istəyir və bunun üçün yeni zərbələr hazırlanır.
“The Telegraph”ın yazdığına görə, noyabrın 18-də həyata keçirilən əməliyyat yeddi mərhələdən ibarət olub və 11 müxtəlif silah sistemindən istifadə edilib. Əvvəlcə körpünün ətrafındakı Rusiya müdafiə sistemlərinin zəiflədildiyi, daha sonra isə birbaşa infrastruktura zərbələr endirildiyi bildirilir.
Əməliyyatda Ukrayna Hərbi Dəniz Qüvvələrinin raket bölməsi tərəfindən “Neptun” qanadlı gəmi əleyhinə raketlərindən istifadə edildiyi qeyd olunur. Raketlərin ölkənin cənubunda yerləşdirilmiş mobil qurğulardan buraxıldığı iddia edilir.
İlk hücumlardan sonra avtomobil yolunun bir hissəsinin və dayaq tağının çökdüyü müəyyən edilib. Növbəti gecə isə yük qatarlarının hərəkəti üçün nəzərdə tutulan dəmir yolu hissəsinə yenidən raket zərbələri endirilib.
Böyük Britaniya Müdafiə Nazirliyinin cümə günü yaydığı kəşfiyyat məlumatda hücumlardan sonra körpünün avtomobil hissəsinin nəqliyyat üçün yararsız vəziyyətə düşdüyü bildirilib. Bununla belə, qurum dəmir yolunun bir xəttinin hələ də istifadə oluna biləcəyini ehtimal edib.
Dağıntıların dəniz nəqliyyatına da təsir göstərdiyi qeyd olunur. Körpünün konstruksiyalarının boğaza çökməsi nəticəsində Azov və Qara dənizləri arasındakı gəmiçilik marşrutlarının su hövzəsi təmizlənənədək bağlandığı bildirilir.
Uzunluğu təxminən 19 kilometr olan Krım körpüsü Rusiyanın təşəbbüsü ilə inşa edilib və 2018-ci ildə istifadəyə verilib. Rusiya Prezidenti Vladimir Putin layihənin həyata keçirilməsinə siyasi dəstək verib. Ukrayna müharibənin başlanmasından sonra dəfələrlə bu strateji infrastrukturu hədəfə alıb.
Nəşr həmçinin Ukraynanın hazırladığı “Neptun” raketlərinin imkanlarına diqqət çəkib. Sovet dövrünün gəmi əleyhinə raket texnologiyaları əsasında “Luç” konstruktor bürosunda yaradılan bu silah 2022-ci ildə Rusiya hərbi donanmasının “Moskva” kreyserinin batırılması ilə bağlı əməliyyatdan sonra geniş tanınıb. Daha sonra raketin yerüstü hədəfləri vurmaq üçün nəzərdə tutulan versiyası da hazırlanıb.
“Neptun”un təkmilləşdirilmiş uzaqmənzilli modifikasiyası 1 000 kilometrədək məsafədəki hədəfləri vura bilər. Raketin hazırlayıcısı Oleq Korostelyov isə bu il yüzlərlə belə raketin istehsal oluna biləcəyini bildirib.
Nəşr qeyd edir ki, Krım körpüsünün tamamilə dağıdılması Ukrayna üçün mühüm hərbi və siyasi nəticə doğura bilər. Bununla belə, növbəti əməliyyatların çətin olacağı ehtimal edilir. Son hücumlardan sonra Rusiyanın körpünün müdafiəsini daha da gücləndirdiyi bildirilir.
Tahir TAĞIYEV