Almaniya hökumətində Ukrayna müharibəsinin dəniz ticarət yollarına, xüsusilə Baltik dənizinə keçə biləcəyi ilə bağlı narahatlıqlar artır. Buna səbəb Ukrayna qüvvələrinin Liviyanın Benqazi limanında Rusiya hərbi gəmisinə zərbə endirməsi və Baltik dənizində yük gəmisinə hücum etməsidir.
“Der Spiegel” nəşrinin məlumatına görə, Berlin son həftələrdə müharibənin coğrafiyasının genişlənməsi ehtimalını diqqətlə izləyir və Kiyevi hərbi əməliyyatlar zamanı ehtiyatlı davranmağa çağırır. Almaniya təhlükəsizlik dairələri hesab edir ki, Baltik dənizində qarşıdurmanın genişlənməsi gözlənilməz eskalasiya riski yarada bilər.
Hakim koalisiyanın xarici siyasət nümayəndələri də vəziyyətdən narahatdırlar. Almaniya parlamentində SPD fraksiyasının nümayəndəsi Adis Ahmetoviç bildirib ki, Ukraynanın müdafiə hüququ dəstəklənsə də, Baltik regionunda əməliyyatlar zamanı sahilyanı ölkələrin təhlükəsizliyi və gəmiçilik azadlığı nəzərə alınmalıdır.
Bununla belə, CDU/CSU fraksiyasının xarici siyasət üzrə nümayəndəsi Yurgen Hardt Ukraynanın Rusiya hərbi gəmilərinə və silah daşıyan nəqliyyat vasitələrinə zərbə endirmək hüququnu müdafiə edib. Onun fikrincə, Kiyevin məqsədi müharibəni genişmiqyaslı şəkildə yaymaq deyil.
Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Tomas Rövekamp isə Ukraynaya Rusiyaya qarşı mübarizədə məhdudiyyət qoyulmasının əleyhinə çıxıb. O hesab edir ki, Rusiya müharibənin başlanmasına və genişlənməsinə görə məsuliyyət daşıyır, buna görə də Ukrayna Rusiya ordusunun təchizat xətlərini və hərbi infrastrukturunu hədəfə ala bilər.
Rövekamp Kiyevi açıq şəkildə təmkinə çağırmağın yanlış mesaj verə biləcəyini bildirib. Bununla yanaşı, beynəlxalq hüquqa riayət olunmasının və mülki gəmiçiliyin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.
Berlinin əsas narahatlığı isə Rusiyanın Baltik dənizindəki hücumlara daha sərt cavab verə bilməsi və ən pis ssenaridə NATO-nu Ukraynaya belə əməliyyatlarda yardım göstərməkdə ittiham etməsidir.
Tahir TAĞIYEV