Rusiya Ukraynanın neft emalı zavodlarına endirdiyi zərbələr nəticəsində yaranan fasilələri kompensasiya etmək üçün yanacaq idxalını artırmağı planlaşdırır.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkənin daxili bazarında yanacaq çatışmazlığının olduğunu etiraf edib. Onun sözlərinə görə, hazırda bu qıtlıq istehlakçılar tərəfindən hiss olunmur.
“Çatışmazlıq var, lakin hələlik hiss edilmir”, – deyə Novak “Vesti” informasiya xidmətinin jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib.
Baş nazirin müavini qeyd edib ki, hökumət həm yaxın, həm də uzaq xarici ölkələrdən yanacaq tədarükünü artırmaq, eyni zamanda daxili istehsalı genişləndirmək niyyətindədir.
Novak əlavə idxalın və neft emalı müəssisələrində planlı təmir işlərinin daha sonrakı tarixə keçirilməsinin Ukrayna hücumlarının nəticələrini aradan qaldırmağa kömək etdiyini bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynanın ABŞ Prezidenti Donald Trampın bu cür hücumlardan çəkinmək çağırışına baxmayaraq, Rusiya neft emalı zavodlarını hədəfə almaqda davam etdiyini bildirmişdi.
Tahir TAĞIYEV