İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatını pisləməyənədək ölkənin nüvə obyektlərinə giriş əldə edə bilməyəcəklər.
“İnterfaks”ın məlumatına görə, Eslami bu barədə bazar günü açıqlama verib.
“Agentlik hərbi hücumu pisləməyə hazır olmayana qədər həmin hücumun hədəfi olmuş obyektlərdə yoxlamaların aparılmasını tələb edə bilməz”, – deyə o bildirib.
Eslami İranın bəzi nüvə obyektlərinin yeraltında yerləşməsinin səbəbinin təhlükəsizlik tədbirləri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Tehranın həmin obyektlərdə nəyisə gizlətmək cəhdi ilə əlaqəli deyil.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi də bildirib ki, mövcud vəziyyət Tehranla MAQATE arasında əməkdaşlıq formatının dəyişdirilməsi üçün əlverişli deyil. Diplomat ABŞ və İsrailin yaranmış vəziyyətə görə məsuliyyətinin agentlik tərəfindən açıq şəkildə bəyan edilməsini gözlədiklərini söyləyib.
Lakin MAQATE-nin baş direktoru Rafael Qrossi və qurumun İdarə Heyəti indiyədək bu cür bəyanatlardan çəkiniblər.
Tahir TAĞIYEV