Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin dayandırılması üçün mövcud cəbhə xətti boyunca atəşkəsə razılaşmağa hazır olduqlarını açıqlayıb.
Zelenski “Al Jazeera” telekanalına müsahibəsində bildirib ki, Kiyev hazırkı mövqelərdə dayanmağa və bundan sonra diplomatik danışıqlara keçməyə razıdır.
“Biz olduğumuz yerdə qalmağa və dayanmağa hazırıq. Söhbət təmas xətti boyunca atəşkəsdən gedir”, – deyə Ukrayna prezidenti vurğulayıb. O, bu addımı ciddi kompromis adlandırıb.
Zelenskinin sözlərinə görə, Kiyev Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ərazilərinə dair iddialarından imtina etmək niyyətində olmadığını anlayır. Buna görə də Ukrayna tərəfi hazırkı mövqelərin saxlanılmasını və münaqişənin diplomatik yollarla həllini təklif edir.
Ukrayna lideri ABŞ Prezidenti Donald Trampı müharibənin başa çatdırılması istiqamətində səylərini davam etdirməyə çağırıb. O, Trampın sülh prosesinə kömək etmək üçün kifayət qədər konstitusion səlahiyyətlərə malik olduğunu bildirib.
Zelenski ümid etdiyini deyib ki, ABŞ prezidenti müharibəni başa çatdırmaq üçün yollar axtarmağa davam edəcək, lakin bu yalnız Ukraynanın güzəştləri hesabına baş verməməlidir.
Qeyd edək ki, daha əvvəl mətbuatda yayılan məlumatlarda Trampın Rusiya və Ukrayna arasında sülh sazişinin yanvar ayına qədər əldə olunmasını istədiyi bildirilirdi. ABŞ prezidenti isə konkret vaxt çərçivəsi müəyyənləşdirmədiyini, müharibənin mümkün qədər tez başa çatmasını arzuladığını açıqlamışdı.
Tahir TAĞIYEV