Bosniya və Herseqovina casusluq fəaliyyəti ilə bağlı şübhələrə görə dörd iranlı diplomatı ölkədən çıxarıb.
Bosniyanın “Istraga.ba” nəşrinin məlumatına görə, ölkənin xarici işlər naziri Elmedin Konakoviç xüsusi xidmət orqanlarının təqdim etdiyi məlumatlardan sonra diplomatların arzuolunmaz şəxs elan edilməsi barədə qərar qəbul edib. Onlar noyabrın 25-də ölkəni tərk ediblər.
Ölkədən çıxarılanlar arasında İranın Sarayevodakı səfirliyinin üçüncü katibi Hüseyn Mehdi Fərd, attaşelər Morteza Fazali və Ehsan Səccadi Monazzeh, həmçinin Seyid Yaser Seyid Məhəmməd var.
Nəşrin iddiasına görə, bir sıra ölkələrin xüsusi xidmət orqanları Hüseyn Mehdi Fərdi İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqələndiriblər. Digər üç diplomatın isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlı olduğu ehtimal edilir.
Hüseyn Mehdi Fərd 2025-ci ilin ortalarından Bosniya və Herseqovinada fəaliyyət göstərib. Bundan əvvəl Almaniyada çalışıb. Nəşr onun Berlində qanunsuz fəaliyyətlə əlaqələndirildiyini də yazsa da, bu iddiaların təfərrüatlarını açıqlamayıb.
Diplomatların ölkədən çıxarılması barədə qərar xarici nümayəndələrin “persona non-qrata” elan edilməsini tənzimləyən qanunvericiliyə əsasən qəbul olunub. 2004-cü ildə təsdiqlənmiş qaydalara görə, Bosniya və Herseqovinanın xarici işlər naziri diplomatik və qeyri-diplomatik heyətin üzvlərinin ölkədən çıxarılması barədə müstəqil qərar verə bilər.
Tahir TAĞIYEV