Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Arı noyabrın 29-da Gürcüstan Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüşdə Batumidə “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən futbol matçından sonra baş verən insident müzakirə edilib.
Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib ki, Türkiyə azarkeşlərinin stadionda oyunu izləməsinə iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq münasibətləri nəzərə alınaraq şərait yaradılıb. Buna baxmayaraq, bəzi azarkeşlərin aqressiv davranışı nəticəsində stadionun infrastrukturuna ziyan dəyib, Gürcüstan polisi əməkdaşları xəsarət alıblar.
Gürcü tərəfi Türkiyədən hadisəyə hüquqi qiymət verilməsini və gələcəkdə oxşar halların qarşısının alınması üçün müvafiq addımlar atılmasını gözlədiyini bildirib. Görüşdə, həmçinin iki ölkə arasında strateji tərəfdaşlığın qorunmasının vacibliyi vurğulanıb.
Tahir TAĞIYEV