İtaliyanın Baş naziri Corcia Meloni Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Kiyevin Liviyada Rusiya gəmilərinə qarşı həyata keçirdiyi hücuma görə ciddi narazılığını bildirib.
“Corriere della Sera” qəzetinin məlumatına görə, Meloni Ukrayna tərəfinin Benqazi limanında keçirilən əməliyyat barədə Romaya əvvəlcədən xəbər verməməsinə etiraz edib. Halbuki Zelenski daha əvvəl bu cür əməliyyatların Ukraynanın tərəfdaşları ilə razılaşdırıldığını açıqlamışdı. İtaliya hakimiyyəti isə hücumla bağlı heç bir ilkin məlumat almadığını bildirib. Qəzet yazır ki, telefon danışığı zamanı Meloni Zelenskiyə Ukraynanın bu cür davranışlarından, sözün əsl mənasında, bezdiyini deyib.
Roma Kiyevin addımının Aralıq dənizində İtaliyanın təhlükəsizliyinə və iqtisadi maraqlarına mənfi təsir göstərə biləcəyindən narahatdır. İtaliya hökuməti Rusiyanın mümkün cavab tədbirlərini, regionda fəaliyyət göstərən İtaliya şirkətlərinə, o cümlədən enerji nəhəngi “Eni”yə təzyiq göstərilməsini və miqrasiya axınının güclənməsini istisna etmir.
Hadisə İtaliyanın daxili siyasi gündəmində də mübahisələrə yol açıb. Müxalifət hökuməti Ukraynaya dəstək siyasətinə görə tənqid edir. Rusiyanın İtaliyadakı səfirliyi də İtaliya cəmiyyətinin Kiyevin hərəkətləri ilə bağlı narahatlığını bölüşdüyünü bəyan edib. Baş nazirin müavini Matteo Salvini isə dəniz təhlükəsizliyi üzrə komitənin təcili iclasının çağırılmasını tələb edib.
“Corriere della Sera”nın yazdığına görə, Zelenski sonradan Liviyadakı əməliyyatın tərəfdaşlara əvvəlcədən məlumat verilmədən həyata keçirildiyini etiraf edib və üzr istəyib. Bu addım gərginliyin azalmasına kömək etsə də, Romanın narahatlığını tam aradan qaldırmayıb.
Meloni Aralıq dənizində vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və NATO-nun cənub cinahının müdafiəsini gücləndirmək niyyətindədir. O, bazar ertəsi İtaliya Prezidenti Sercio Mattarellanın sədrliyi ilə keçiriləcək Ali Müdafiə Şurasının iclasında iştirak edəcək.
Tahir TAĞIYEV